ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Bakı bələdiyyələrinə “Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi ilə bağlı” tövsiyə məktubu göndərib. Rəis müavini Fazil Məmmədovun imzasıyla gondərilən məktubda qeyd edilir:
“2015-ci il və 2016-cı ilin I rübü dövründə torpaq qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair ümumiləşdirmə aparılmışdır. Ümumiləşdirmə nəticəsində aşağıdakı xarakterik pozuntular müəyyən edilmişdir:
- hərrac və ya müsabiqədən kənar qaydada torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsi);
- kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq başqa məqsədlər üçün satılması, torpaqların məqsədli təyinatı üzrə istifadə edilməməsi ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 3-cü və 6.3-cü maddələri);
- bələdiyyə qərarlarında torpaqların kateqoriyasının və təyinatının göstərilməməsi (Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsi);
- torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi (Torpaq Məcəlləsinin 9-cu maddəsi);
- torpaqların ayrılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması ("Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 7-ci və 16-cı bəndləri);
- torpaqların satış qiymətinin və icarə haqqının qanunauyğun müəyyən edilməməsi ("Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 23-cü bəndi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 19.4-cü maddəsi);
- müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 3-cü maddəsi);
- torpaqların özbaşına tutulması ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16-cı maddəsi).
Bildiririk ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsində fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə olunması nəzərdə tutulmuşdur. Digər istisnalar "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuşdur.
Həmin Qanunun 7-ci maddəsi ilə xüsusi mülkiyyətə verilə bilən torpaqların dairəsi bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan və kənd təsərrüfatına az yararlı, yararsız torpaqlarla məhdudlaşdırılmışdır. Ümumi istifadədə olan torpaqların, həmçinin ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqlarının xüsusi mülkiyyətə verilməsi qadağan olunmuşdur.
Qanunun 19.4-cü və 19.5-ci maddələrinə görə torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 mislindən az ola bilməz. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 23-cü bəndinə əsasən torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq bələdiyyələr tərəfindən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qəbul edilən qərarda torpaq sahəsinin təyinatı, kateqoriyası göstərilməlidir. Eyni zamanda, sahibkarlıq üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılarkən sahibkarlığın hansı növü üzrə fəaliyyət göstəriləcəyi barədə bələdiyyə qərarında müvafiq qeydin olması zəruridir.
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 7-ci bəndinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bəzi hallarda rəylərin sonradan təqdim olunması bu sahədə müvafiq icra hakimiyyəti orqanları ilə işlərin lazımi qaydada təşkil olunmadığını göstərir.
Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi ilə bağlı Torpaq Məcəlləsində aşağıdakı tələblər müəyyən edilmişdir:
- Məcəllənin 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kateqoriyalara bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir;
- Məcəllənin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların başqa məqsədlə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Torpaq Məcəlləsi və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlə digər kateqoriyalara keçirilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar;
- Məcəllənin 56-cı maddəsinin 3-cü hissəsinə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 3.0.5-ci maddəsinin tələbi nəzərə alınmaqla bələdiyyələr mülkiyyətə, icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya vasitələrində hər il hesabat dərc etdirməlidirlər. Onlar tərəfindən hər il belə hesabatlar dərc olunarsa, bu sahədə şəffaflığın təmin edilməsi yolu ilə qanunsuz torpaq ayrılması hallarının qarşısı alınar.
Eyni zamanda, bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bələdiyyələr tərəfindən bu sahədə izahat işi zəif aparılır, torpaqların qanunsuz tutulmasının qarşısının alınması üçün zəruri və səmərəli tədbirlər görülmür. Zəbt olunmuş torpaqların boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması, həmin torpaqlardan qanunauyğun istifadə olunmaqla kənd təsərrüfatının inkişafı istiqamətində mühüm layihələrin həyata keçirilməsi bələdiyyələr üçün daha səmərəli ola bilər.
Göstərilənlərin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsini və qanunvericiliyin tələblərinə əməl olunmasını tövsiyə edirik.”
Belediyye.info