Ziyəddin Kazımov: “Zibil qutularının yerləşdirilməsi müvafiq olaraq 40-100 metr məsafədə olmalıdır”
Vüqar Tofiqli: “Tənqid hədəfi bələdiyyələr yox, Mənzil Kommunal Təsərrüfat Birlikləri olmalıdır”
************************************
Bakıda vətəndaşlar zibil qutularının yerləşdirilmə qaydasından şikayətçidirlər. Onlar zibil daşındıqdan sonra qutudan gələn qoxudan da narazıdırlar. Yasamal rayonu, Abbas Mirzə şərifzadə küçəsi 104 ünvanında yaşayan sakinlərin şikayətinə görə, ərazidəki zibil qutularının məktəblilərin yolunun üstündə yerləşdirilməsi və kanalizasiya xətlərinin bərbad vəziyyətdə olması ciddi narahatlıq yaradır.
Qeyd edək ki, qutuların yerləşdirilməsi Mənzil Kommunal Təsərrüfat Birlikləri tərəfindən həyata keçirilir. Ancaq görünən odur ki, bu qurumlar öz səlahiyyətlərini düzgün icra etmirlər. Zibil qutularının harda gəldi qoyulması onların yerləşdirilməsi qaydası ilə bağlı heç bir standart olmadığını göstərir. Yəni Təsərrüfat Birlikləri qutuları öz istəklərinə uyğun harda gəldi yerləşdirirlər.
Qutular çirkli və dezinfeksiyasız olduğu üçün də sakinlər bu qutuların evinə yaxın, yolunun üstündə olmasını istəmir.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımovun fikrincə, zibil qutularının yerləşdirilməsi müvafiq olaraq 40-100 metr məsafədə olmalıdır. Onun dediyinə görə, bu məsələlər Nazirlər Kabinetinin 74 saylı qərarına əsasən tənzimlənir. Məişət tullantılarının əmələgəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır.
Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmaması, meydançalardakı tutumlardan tullantıların küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır”.
şöbə müdirinin sözlərinə görə, ətraf mühitin mühafizəsi məqsədilə tullantıların yerləşdirildiyi tutumlar və meydançalar həmişə təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır: "Hətta lazım gəldikdə tutumlar yeniləri ilə əvəz olunmalı, meydançalar təmir edilməlidir. Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir.
Bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. əhali çox olan yerlərdə tutumlar (urnalar) arasında məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir. Ticarət obyektləri tərəfindən obyektlərin yanında və onlara bitişik ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir”.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği ictimai Birliyinin sədri Vüqar Tofiqli isə bu səhlənkarlıqla bağlı bələdiyyələrin adının hallanmasını düzgün hesab etmir. Onun fikrincə, zibil qablarının yerləşdirilməsi Mənzil Kommunal Təsərrüfat Birliklərinin işi olduqları üçün tənqid hədəfi də məhz bu qurum olmalıdır: "Bələdiyyələrin özlərinin ayrıca xidmət sahələri var.
Düzdür, bəzi hallarda icra hakimiyyətinin göstərişinə uyğun olaraq bələdiyyələrə öz ərazilərində müəyyən xidmət imkanları yaradırlar. Məsələn, Binəqədi rayonunda bələdiyyələr bir sıra təsərrüfat, o cümlədən də ərazinin zibillərdən təmizlənməsi, onların daşınması ilə bağlı fəaliyyət sahələri ilə məşğul olurlar. Oradan əldə olunan vəsait də bələdiyyələrin büdcəsinə daxil olur. Dislokasiya yerlərini isə icra nümayəndələri ilə özləri razılaşdırırlar. Amma digər rayonlarda bu səlahiyyət BşiH-nin nəzdində olan Mənzil Kommunal Departamentinə aiddir. Zibil qutularının dislokasiyasını da onlar müəyyən edirlər”.
şəymən