Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülən işlərin
HESABATI
Zirə bələdiyyəsinin fəaliyyətində əsas məqsəd yerli əhəmiyyətli məsələləri həll etmək, qəsəbənin aztəminatlı ailələrinə dəstək olmaq, qəsəbənin yaşıllaşdırılması və abadlaşdırılmasına çalışmaqdır. Bu səbəbdən də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və həllinin təmin olunması daima diqqətimizdədir.
Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün, qanunla müəyyən edilmiş qaydada büdcəsi yerli vergi və ödənişlər əsasında formalaşır. Zirə bələdiyyəsi yığılan həmin məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyac olan qəsəbə sakinlərinin problemlərinin həllinə yönəltməklə bir çox işlər görmüşdür.
Belə ki, 2020-ci il ərzində qəsəbə ərazisindən məişət tullantıları gündəlik olaraq yığılmış və daşınmışdır.
Qəsəbə ərazisində əkilmiş ağaclara mütəmadi olaraq qulluq edilmişdir.
“20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə əlaqədar bələdiyyə üzvləri tərəfindən “şəhidlər Xiyabanı” ziyarət edilmişdir.
Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi əskərova Dilşad əli qızı, “20 Yanvar” əlilləri Rzayev Elxan islam oğlu və Məmmədov Sahib Xanəhməd oğlunun hər birinə maddi yardım göstərilmişdir.
“20 Yanvar” şəhidlərinin xatirəsini yad etmək məqsədilə 20.01.2020-ci il tarixdə Zirə bələdiyyə nümayəndələrinin şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur.
“Xocalı soyqrımı” hadisəsi ilə əlaqədar “Xocalı soyqrımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə bələdiyyə qulluqçuları və üzvləri tərəfindən ziyarət edilmişdir.
8 Fevral 2020-ci il tarixdə Mərdəkan Mədəniyyət Sarayında AzTV-nin Bədii şurasının təşkil etdiyi tədbirdə bələdiyyənin nümayəndələri iştirak etmişdir.
“8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə bələdiyyənin qadın kollektivi təbrik edilmişdir. 8 mart 2020-ci il tarixində “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə 152 nömrəli avtobuslar qadın sərnişinlərə pulsuz xidmət göstərmişdir.
“31 mart Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar Xəzər rayon Mərdəkan qəsəbəsində keçirilən tədbirdə Zirə bələdiyyəsindən nümayəndələr iştirak etmiş və türk əsgərinin məzarı ziyarət edilmişdir.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 963 nömrəli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Zirə bələdiyyəsi tərəfindən 500 (beş yüz) manat vəsait köçürülmüşdür.
Koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə bağlı Zirə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində müvafiq tədbirlər görülmüş və sakinlər arasında maarifləndirmə işləri aparılmışdır. Qəsəbə sakinlərinin qoruyucu vasitələrdən istifadə edilməsi və sosial məsafə saxlanılması ilə bağlı təbliğat işləri görülmüşdür və sakinlərə qoruyucu maska və spirt paylanmışdır. Karantin rejiminin sərtləşdirildiyi vaxtlarda səsgücləndirici vasitələrdən istifadə olunaraq sakinlərin evdə qalmaları üçün çağırışlar edilmişdir. Qəsəbədəki mağazalarda və digər obyektlərdə karantin rejiminə əməl olunması ilə bağlı Rayon icra Hakimiyyətinin əməkdaşları ilə birlikdə monitorinqlər keçirilmişdir. Karantin rejimi tətbiq olunmağa başladığı vaxtdan qəsəbənin aztəminatlı ailələrinə ərzaq yardımı edilmişdir. Covid-19 virusuna yoluxmuş sakinlərlə mütəmadi olaraq telefon əlaqəsi saxlanılmış, onların vəziyyəti ilə maraqlanılmış, evdə qalmaları və qaydalara əməl etmələrinə nəzarət olunmuşdur.
Pandemoya dövründə 100-dən çox qəsəbə sakininə ərzaq yardımı edilmişdir. 9 May “Qələbə günü”nün 75-ci ildönümü ilə əlaqədar Zirə qəsəbəsindən olan Böyük Vətən Müharibəsi iştirakçısı Haşumov Həsənbala Həcibala oğluna maddi köməklik olunmuşdur.
08.06.2019-cu il tarixdə hərbi xidmətdə olarkən baş vermiş bədbəxt hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində vəfat etmiş Zirə qəsəbə sakini Zeynalov Pərviz Haşum oğlunun qəbir daşının düzəldilməsi üçün ailəsinin maddi imkanı olmadığına görə Zirə bələdiyyəsinin büdcəsindən pul vəsaiti ayrılaraq qəbir daşı düzəltdirilmişdir.
Təmirə ehtiyacı olan qəsəbə daxili torpaq yollara daş tozu tökülərək texnika vasitəsilə yaydırılmışdır.
Qurban bayramı ilə əlaqədar 6 ədəd qurbanlıq qoyun alınıb kəsdirilərək qəsəbədə 130 (bir yüz otuz) imkansız ailəyə 1 kiloqram qədərində qurban payı verilmişdir.
Bakı şəhər Mədəniyyət idarəsinin Bakı Uşaq Teatrı tərəfindən xəstə və valideyn himayəsindən məhrum uşaqlara dəstək üçün təşkil olunmuş xeyriyyə konsertinə qiyməti 20 (iyirmi) manat olan 5 (beş) ədəd bilet alınmışdır.
27 Sentyabr 2020 ci il tarixində işğal olunmuş ərazilərdə düşmən tərəfindən edilmiş hücumlara cavab olaraq Silalı Qüvələrimiz tərəfindən həyata keçirilən əks hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi zamanı gənclərdə vətənpərvərlik hissinin daha da artırılması məqsədilə 60 ədəd Azərbaycan Respublikasının dövlət bayraqları alınaraq qəsəbənin əsas küçələrdə asılmışdır.
Vətən müharibəsində Zirə qəsəbəsindən olan şəhidlərin həyətlərinin divarlarına mala vurularaq təmir etdirilmiş və xatirə lövhələri quraşdırılmışdır. şəhid Emin Qədirovun qapısının önünə 50 ədəd zeytun ağacı əkilmişdir.
Bələdiyyənin sosial proqramına əsasən iyirmi beş nəfər qəsəbə sakininə maddi köməklik göstərilmişdir.
Zirə-Türkan yolunun kənarında 200 ədəd şam ağacı əkilmişdir. Tədbirdə Xəzər rayon icra Hakimiyyətinin Başçısı da iştirak etmişdir.
Zirə qəsəbə qəbristanlığında yol ətrafı 80 ədəd şam ağacı əkilmişdir.
Qəsəbənin küçələrinin işıqlandırılması və yollarının asfaltlaşması işlərinin görülməsində Zirə bələdiyyəsi də fəallıq göstərmişdir.
Zirə bələdiyyəsi Qışlaq kənd massivində tarixi qoruq sahəsinin ətrafındakı qanunsuz tikililərin sökdürülməsində və həmin sahənin əvvəlki vəziyyətinə gətirilməsində iştirak etmişdir.
Zirə bələdiyyəsi üzrə vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilib qeydiyyata alınması davam etdirilir. Zirə qəsəbə sakinləri ilə görüş təşkil olunaraq onlara 2020-ci il ərzində görülən işlər, büdcəyə daxilolmalar və xərclər barədə hesabat verilmişdir.
Zirə bələdiyyəsinə müxtəlif idarə və təşkilatlardan 2020-ci ilin bir ili ərzində 66 məktub daxil olmuş və 90 məktub göndərilmişdir. Xəzər Rayon icra Hakimiyyəti Başçısının 2 Sərəncamı daxil olmuş və icra olunmuşdur. Zirə bələdiyyəsinə 25 nəfər vətəndaş yazılı və 37 nəfər vətəndaş isə şifahi müraciət etmişdir. Qəsəbə sakinlərinə 115 arayış verilmiş və 19 daxili əmr yazılmış, 2 telefonoqramma qəbul edilmişdir.
Zirə bələdiyyəsinə daxil olmuş məktub və müraciətlərə vaxtında baxılmış və qanunvericiliyə uyğun şəkildə cavablandırılmışdır.
2020-ci il ərzində bələdiyyə üzvləri ilə 17 iclas keçirilmişdir. Həmin iclaslarda qəsəbədə həll edilməli olan müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilmiş və icra olunmuşdur.
Zirə bələdiyyəsinin 01.01.2020-ci ilə büdcə qalığı 9175 manat 41 qəpik olmuşdur.
Gəlirlər
2020-ci il ərzində bələdiyyə büdcəsinə 55884 manat, 34 qəpik vəsait daxil olmuşdur. Bunun 34342 manat 76 qəpiyi torpaq vergisi, 9941 manat 58 qəpiyi əmlak vergisi, 5000 manat dotasiya, 6600 manat icarə haqqı təşkil etmişdir.
Xərclər
Hesabat dövründə daxil olmuş vəsait bələdiyyə qulluqçularının əmək haqqına 32570 manat 1 qəpik, mükafata 910 manat, 22,5% DSMF-na 6725 manat 63 qəpik, dəftərxana və təsərüffat xərclərinə 4900 manat, rabitə xərcinə 376 manat 80 qəpik, elektrik enerji xərcinə 461 manat 83 qəpik, qaz xərcinə 190 manat 74 qəpik, abadlığa 1500 manat, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Asosiasiyasına üzvlük haqqına 960 manat, maddi yardıma 9150 manat, tədbir üçün 1690 manat, sairə xərclərə isə 3596 manat 1 qəpik, o cümlədən bank xidmətinə 920 manat 27 qəpik, bələdiyyənin veb saytı ilə bağlı xidmət haqqı üçün 300 manat, audit xidmətinə 700 manat, bilet alınması üçün 100 manat, qəbiristanlığın saxlanılması üçün 1339 manat 94 qəpik, abunə üçün 119 manat 80 qəpik, elektron imza alınması üçün 116 manat xərclənmişdir. Cəmi xərclər 63031 manat 10 qəpik olmuşdur. 01.01.2021-ci ilə qalıq 2028 manat 65 qəpik olmuşdur.
Zirə bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, qəsəbənin daha da gözəlləşməsi və abadlaşması üçün daha mütəşəkkil işləməyi öz öhdəsinə götürərək onun icrasını layiqincə həyata keçirilməsini öz qarşısına məqsəd olaraq qoymuşdur.