"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

«Böhranı bəhanə edib ödənişdən yayınırlar»- MüSAHiBə

--2015-09-28 / 22:40

Azərbayanda bələdiyyələrin qanuni səlahiyyətləri böyük olsa da, bəzən onlaın həyata keçirmək çətin olur. Xüsusilə bələdiyələrin müxtəlif xidmətlərə görə, biznes sektorundan ödəniş toplaması hələ də ciddi problem olaraq qalır. Bələdiyyələrin toplamalı olduğu ödənişlər, bu sahədəki problemlər və həlli yolları ilə bağlı Fins.az-ın suallarına  Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov cavab verir.

«Bələdiyyəyə təkcə əmlak vergisi yığmır, başqa ödənişlər də edilməlidir»

- Nazim müəllim, bələdiyyələr əmlak vergisindən başqa hansı vergiləri toplaya bilər?

- ilk növbədə bildirim ki, Nəsimi rayon bələdiyyəsi Bakıda yeganə yerli özünü idarəetmə qurumudur ki, əmlak vergisi ilə yanaşı digər vergilərin də toplanmasına ciddi maraq göstərir. əgər siz iri marketlərdəki “E-manat” ödəniş terminallarına diqqət yetirsəniz görərsiniz ki, orada bizdən başqa heç bir bələdiyyənin hesabına vergi ödəmək mümkün deyil. Yalnız Nəsimi bələdiyyəsinin ödəniş sistemilə əməkdaşlığı nəticəsində əmlak vergisindən başqa, mehmanxana-turizm, dayanacaq, səyyar və mövsümi ticarət, eləcə də ictimai-iaşə xidmətlərinə görə də ödənişləri etmək mümkündür. Amma yaradılmış lazımi infrastruktua baxmayaraq, bələdiyyəyə ödənişlər lazımi səviyyədə deyil və potensial yığım imkanları ilə müqayisədə dəfələrlə azdır, əksər sahələr üzrə yox dərəcəsindədir.

«Rayonumuzdakı hotellər müştərilərini gizlədirlər»

- Niyə ödənişləri tam yığa bilmirsiniz? Problem nədədir?

- əsas problemlər lazımi məlumatların əldə edilməsi ilə bağlıdır. Məsələn, Nəsimi rayonunun ərazisində 16 mehmanxana var. Qanunla, onlarda gecələyən hər qonağa görə bələdiyyə büdcəsində 1,1 manat (şərti maliyyə vahidi qədər) vergi ödənilməlidir. Dövlət Statistika Komitəsindən bizə verilən məlumata görə, ötən il bələdiyyə ərazisindəki mehmanxanalarda təxminən 150 min adam gecələyib. Bu da 165 min manat bələdiyyəyə ödəniş deməkdir. Halbuki mehmanxanalar cəmi 7 min manat veriblər. Yəni,ödənişi tam yığa bilmirik. Bu da ondan qaynaqlanır ki, açıqlanan rəsmi statistik məlumatlar ümumi xarakter daşıyır. Yəni, mehmanxanalarda gecələmiş adamların ümumi sayını bilsək də, konkret olaraq hər obyektdə nə qədər adamın qaldığını bilmirik.

- Mehmanxanalar müştərilərin sayını niyə gizlədirlər?

- Bu məlumatın kommersiya sirri olduğu əsas gətirilərək açıqlanmır. Mehmanxanalar bizim vergi xidmətinə təqdim etdikləri hesabatlarda qonaqların sayını düzgün açıqlamırlar. Son nəticədə hər obyektin nə qədər ödəniş etməli olduğunu müəyyən edə bilmirik, bu da ödənişlərdən yayınmağa imkan yaradır. Vergilər Nazirliyi isə mehmanxanaların dövriyyəsini qanunla 2 ildə bir dəfə yoxladığı üçün onlarla əməkdaşlığımız da fayda vermir. Özümüzün isə inzibati səlahiyyətimiz olmadığı üçün onların mühasibat sənədlərinə, kassa çeklərinə baxış keçirmək imkanımız yoxdur. Buna görə də, ödənişləri ala bilmirik.

«Turizm firmaları deyir ki, böhrandır, xaricə gedən yoxdur»

- Turist xidməti göstərən müəssisələrlə bağlı vəziyyət necədir?

- Mehmanxanalarla bağlı vəziyyət onlarda da təkrarlanır. Hal-hazırda Nəsimi rayon bələdiyyəsinin ərazisində 11 turizm agentliyi fəaliyyət göstərir. Qanunla onlar istirahətə göndərdikləri hər adama görə, 1,1 manat bələdiyyəyə ödəniş verməlidirlər.  Amma bu qurumların xidmətindən nə qədər adamın istifadə etdiyini heç cür müəyyən edə bilmirik. Məsələn, son vaxtlar bizim müfəttişlər turizm agentliklərinə yaxınlaşıb onlardan dövriyyələri barədə məlumat əldə etmək istədikdə çox vaxt deyirlər ki, indi iqtisadi böhrandır, istirahətə gedən yoxdur. Halbuki vəziyyət heç də deyildiyi kimi acınacaqlı deyil. Bununla belə, ödəniş edən yoxdur.

«Hər avtomobilə görə cəmi 10 qəpiyi də ödəmirlər»

- Bələdiyyə ərazisində fəaliyyət göstərən avtodayanacaqlara görə sizə nə qədər ödəniş edilməlidir?

- Hazırda Nəsimi rayon bələdiyyəsinin ərazisində 4 iri dayanacaq var ki, onları Bakı şəhər icra Hakimiyyətinin Xüsusi Təyinatlı Nəqliyyat Departamenti idarə edir. Məsələn, bunlardan biri 500 avtomobil tutumludur və bütün yerlər adətən dolu olur. Qanuna görə gündəlik saxlanılan hər avtomobilə görə bələdiyyə büdcəsinə 0,1 manat ödəniş verilməlidir. Amma biz həmin 10 qəpiyi görmürük. Bakı meriyasının sözügedən qurumu bizə pul ödəməkdən yayınır. Baxmayaraq ki, dayanacaqlardan qazanılan pulla müqayisədə 10 qəpik elə də böyük məbləğ deyil. Hamıya məlumdur ki,bu dayanacaqlarda 1 saat maşın saxlamaq bəzi hallarda 1 manata başa gəlir. Xüsusi Təyinatlı Nəqliyyat Departamenti bildirir ki, dayanacaqların yerləşdiyi ərazi bələdiyyə ərazisi olsa da, konkret olaraq bələdiyyənin deyil, dövlətin mülkiyyətində olan ərazidir. Yəni, icra hakimiyyətinə və bizə məxsus ərazilər dəqiq müəyyən edilmədiyi üçün dayanacaqlardan ödəniş almaq problemə çevrilib. Son nəticədə Bakıda yaradılmış bu parkomatlı dayanacaqlardan büdcəmizə 1 manat belə çatmayıb. Halbuki, təkcə bir dayanacaqdan gündə 50 manat, ayda 600 manat, ildə isə 7200 manat ödəniş əldə etmək mümkündür.

«Böyük obyektlər ildə 50 manat ödəməyə xəsislik edirlər»

- Bələdiyyənin ərazisindəki ticarət, ictimai-iaşə xidməti göstərənlər də ödəniş etmir?

- Dayanacaqlarla bağlı problem burda da var. Amma bu məsələdə Bakı şəhər icra Hakimiyyətinin başqa bir qurumu – Ticarət və Xidmət Departamenti ilə üz-üzəyik. Məsələ ondadır ki, bu qurum küçə ticarəti üçün konkret şəxslərə yer ayırır və onlardan lazımi ödəniş alır. Bizə isə ödəniş edən olmur. Çünki Departament ticarət obyektinin xüsusi ayrılmış torpaq sahəsində olduğunu əsas gətirərək bizim obyektdən ödəniş tələb etməyimizə imkan vermir. Yəni, dayanacaqlarda olduğu kimi, burada da bələdiyyə torpağı dəqiq məlum deyil. Halbuki saysız-hesabsız ticarət və ictimai-iaşə obyektləri var ki, onlar məhz Nəsimi rayon bələdiyyəsinin ərazisində fəaliyyət göstərir. əgər həmin obyektlər zəbt etdikləri hər kvadrat metr əraziyə görə, çox demirəm 50 qəpikdən ödəniş etsələr, bələdiyyə büdcəsi ilə minlərlə manat qazanar. Elə ticarət obyekti var ki, 100 kvadratmetr yer tutur, böyük dövriyyə ilə fəaliyyət göstərir, onun üçün ildə 50 manat ödəniş vermək böyük problem deyil.

«Qərar vermişik ki, pullarımızı məhkəmə ilə yığaq»

- Nazim müəllim, bu problemləri necə həll etmək fikrindəsiniz? Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Mehmanxana-turist xidməti göstərən müəssisələrlə məsələni məhkəmə yolu ilə həll etməyə qərar vermişik. Lazımi sənədləri hazırlayırıq ki, hüquqi qaydada ödəniş məsələsi öz həllini tapsın.  Eyni zamanda təklif edirik ki, bələdiyyəyə müəyyən inzibati səlahiyyət verilsin. Bizim hansısa obyektlərin xidmətindən istifadə edənlərin sayı barədə sərbəst şəkildə məlumat əldə etmək, lazımi sənədləri nəzərdən keçirmək imkanımız olsun.  ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzi (rəhbəri Mehdi Səlimzadədir) yaxından əməkdaşlıq edirik ki, xüsusilə Bakı şəhər icra Hakimiyyətinə məxsus qurumlarla yaranmış anlaşılmazlıq aradan qalxsın. Çünki, bələdiyyələrin öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməsi bu problemlərin həllindən asılıdır.

 http://www.fins.az/musahibe/890131/Bohrani_behane_edib_odenisden_yayinirlar__MUSAHIBA.html

ŞƏRHLƏR