"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Gələn məktub kiminə sevinc, kiminə də kədər bəxş edirdi"

--2017-05-09 / 17:29

 9 May Qələbə Gününə sayılı günlər qalıb. Qələbə bayramı Azərbaycanda da təntənəli şəkildə qeyd olunacaq. “Müharibə veteranları” rubrikasının budəfəki qonağı Suraxanı Rayon Qaraçuxur qəsəbəsi Ağsaqqallar şurasının sədri Hacı əlağa Hüseynovdur. Xatırladaq ki,Cəlilabad rayon Çəkan kəndində doğulub boya-başa çatan əlağa Hüseynovun uşaqlıq illəri 1941-1945-ci illər - Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Gülağa Hüseynov deyir ki, müharibə illərində onun 10 yaşı olardı. Onun sözlərinə görə, hələ körpəikən anasını itirib: “Anamı görməmişəm. Ailəmizdə atam və iki qardaş idik. Atamı 1940-cı ildə müharibəyə apardılar. Ukrayna, Stalinqrad və Moskva şəhərləri uğrunda gedən döyüşlərdə iştirak edib. Evdə iki körpə uşaq yetim qalmışdıq. Atamızın bacısı Darçın Hüseynova bizə analıq etdi. O bizə övladı kimi baxır, təlim-tərbiyəmizlə məşğul olardı. əgər bibim olmasaydı, biz müharibə illərindən bəlkə də salamat çıxmazdıq. Xatırladım ki, kəndimizdə Bəxtiyar adına kolxoz fəaliyyət göstərirdi. Bir gün kolxoz sədri Bəhmən Süleymanov həyətimizə gəlib bibimə dedi ki, müharibədir, kolxozda işçi qüvvəsi çatışmır, uşaqlar sabahdan işləməyə gəlsinlər. O vaxtları azyaşlı uşaqları kolxoza işə cəlb etmişdilər. Xış və kotan qoşulmuş qoşqu öküzləri ilə əkin sahələrini şumlayırdıq, əllərimiz və ayaqlarımız qabar olurdu”.

 Hacı əlağa Hüseynov söyləyir ki, müharibə illərinin sərt qanunları vardı. Onun sözlərinə görə, insanlar səhər sübh tezdən hava qaralana kimi fasiləsiz işləyirdilər. Hər şey cəbhə üçün, hər şey müharibə üçun idi. Bütün məhsullar qramına, dənəsinə kimi “fronta” - ön cəbhəyə göndərilirdi: “Aclıq hər yanı bürümüşdü. Yeməyə nəinki çörək, heç cımıx belə tapılmırdı. Gedib çöllərdə bitən yabanı bitkiləri yığıb yeyirdik. Hərdən də ayran, qatıq içirdik. Günlərimiz bu cür amansız, ağır keçirdi. Kəndimizdə ibtidai məktəb vardı. Gündüzlər işləyirdik, gecələr isə qarnıac, yorğun halda lampa işığında dərslərimizə hazırlaşırdıq. 

Müharibə illərində kənd, sanki matəm içindəydi. Radio, mətbuat yox idi. Hamının gözləri yola dikilmişdi. Poçtalyonun gəlişini səbirsizliklə gözləyirdik. Çünki ümidimizi ona bağlamışdıq, müharibədən məlumatı o bizə çatdırırdı. Hər dəfə atamdan məktub gələndə sevinirdik. Gələn məktublar kimini sevindirir, kimini isə ağlar, gözüyaşlı qoyurdı. Qara xəbər gələndə aylarla kənd yasa batırdı. Atam müharibədən bir il sonra qayıtdı”.
Müsahibim vurğulayır ki, düz, 47 il dənizdə qazma işlərində çalışıb: “1960-cı ildən 1999-cu ilədək “Qum adası” Dəniz Qazma idarəsində əvvəlcə fəhlə, sonra isə buruq ustası vəzifəsində çalışmışam. 47 ildən çox iş stajım var. “əmək veteranı”, “Azərbaycan neftçisi” döş nişanı və digər medallarla təltif olunmuşam. 1996-cı ildən Suraxanı Rayon Qaraçuxur qəsəbəsi Ağsaqqallar və Veteranlar şurasının sədri vəzifəsində çalışıram. Hazırda şuranın 600-ə qədər üzvü var. Diqqətinizə çatdırım ki, qəsəbədə 1996-cı ildə 117 nəfər Böyük Vətən müharibəsi iştirakçısı vardı. Təəssüflər olsun ki, bu gün onlardan 2 nəfər qalıb. Onlardan biri 94 yaşlı Balasən əmirov yataq xəstəsidir. Bu gün şura üzvlərindən 13 nəfəri Böyük Vətən müharibəsi arxa cəbhə veteranıdır. Ölkə başçısının sərəncamı ilə dövlət tərəfindən ildə bir dəfə Böyük Vətən müharibəsi veteranlarına 1 000 manat, arxa cəbhə veteranlarına isə 500 manat yardım edilir. Hər il Suraxanı Rayon icra Hakimiyyəti tərəfindən bayram günlərində yardımlar edilir. Veteranların ümumi siyahısı bizim tərəfimizdən Bakı şəhər 15 saylı Birləşmiş şəhər Xəstəxanasına göndərilib. Adıçəkilən xəstəxananın baş həkimi Arif Məmmədovun biz veteranlara qayğısı böyükdür. Özünün təşəbbüsü ilə ayrıca həkim briqadası yaradılıb. Həmin həkimlər evlərə gedib yataq xəstəsi olan veteranlara tibbi xidmət göstərirlər,veteranlar həkim və laboratoriya müayinəsindən keçirlər, pulsuz dərmanlar verilir. Onlar ildə bir dəfə müalicə ocaqlarına - sanatoriyalara göndərilir. Bir sözlə, veteranlar baş həkimin nəzarəti altında müalicə alırlar. Qaraçuxur Bələdiyyəsinin də hər vaxt kömək və qayğılarını hiss edirik. Bələdiyyə sədri ixtiyar Nəcəfov öz köməkliyini biz veteranlardan əsirgəmir. Qəsəbədə yaşayan ağsaqqallara və veteranlara daimi qayğı göstərir. Hər bayram günlərində bələdiyyə sədri bizə baş çəkir, problemlərimizlə maraqlanır, bayram sovqatına kimi gətirir. Qaraçuxur qəsəbəsi Veteranlar şurasının yerləşdiyi bina da bələdiyyə tərəfindən verilib. Burada bizm üçün hər cür şərait yaradılıb. Eləcə də Veteranlar şurası binasının yandırdığı işığın,”mavi yanacaq”ın və kommunal xərcləinin pulu bələdiyyə tərəfindən ödənilir. Rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov qəsəbə və məhəllələrdə ağsaqqallarla görüşlər keçirir, onların səhhəti ilə maraqlanır, problemimizin dərhal həllnə çalışır. Eləcə də Suraxnı Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev biz veteranlara öz köməkliyini əsirgəmir. 
Ağsaqqallar və veteranlar adından göstərilən qayğıya görə ölkə başçısına, RiH rəhbərliyinə, eləcə də 15 saylı Birləşmiş şəhər Xəstəxanasının kollektivinə, Rayon Ağsaqqallar şurasının və Qaraçuxur Bələdiyyəsinin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Bayramla bağlı hazırlıq işləri aparılır. Hər il olduğu kimi, bu il də qəsəbədə yerləşən 1941-1945-ci illər Böyük Vətən müharibəsi abidəsi önündə bayram tədbiri keçiriləcək. Hazırda adıçəkilən parkda Qaraçuxur Bələdiyyəsi tərəfindən aparılan təmir və bərpa işləri başa çatdırılmaq üzrədir”.

  http://hafta.az/index2.php?m=yazi&id=198919

ŞƏRHLƏR