Bu sualla Belediyye.info Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlıya müraciət etdik.
Komissiya sədrinin suala ətraflı cavabını olduğu kimi təqdim edirik:
“Mingəçevir bələdiyyəsinin son 4 ildə DSMF-na borcu yoxdur. əvvəllər borc üzündən hesabımız bağlı olardu. Aylarla əmək haqqı ala bilmirdik, hər hansı əməliyyat aparmra bilmirdik.
Açıq deməliyəm ki, Coşqun Abdullayev bələdiyyə sədri seçildikdən sonra ilk növbədə vergi və maliyyə şöbəsinin işini gücləndirməyi təklif etdi. Vergi ödəyicilərinin siyahısı dəqiqləşdirildi. Vergidən yayınanlar barədə məhkəmənin icra bölməsinə bələdiyyənin qərarları göndərildi. Xeyli vergidən yayınanları vergiyə cəlb etdik. iri vergi ödəyicilərin, əsasən mədən vergisi ödəməli olan qum karxanalarının sahiblərindən bir neçəsini (bəyannamədə istehsalı az göstərənləri) məhkəməyə verdik və mübahisə bizim xeyrimizə həll olundu. Vergi sahəsində kadr dəyişiklikləri də aparıldı.
Bu gün ilin sonunda növbəti ilin büdcəsi təsdiqlənəndə əmək haqları, əmək haqlarına üstəlik ödəmələr və il boyu icrası nəzərdə tutulmuş layihələrə sərf olunacaq maliyyənin həcmi aylar üzrə dəqiqləşdirilir. Hazırda bələdiyyə büdcəsindən əmək haqqı alan bələdiyyə üzvləri şərti olaraq bölünmüş vergi ödəyicilərinin yerləşdikləri sahələr üzrə təhkim olunublar. Problem yaranan kimi vergi nəzarətçilərinə kömək edirlər.
Bir sözlə, bütün bələdiyyə işçiləri çalışırlar ki, temp aşağı düşməsin. Bələdiyyə sədri, müavini, demək olar ki, hər gün bu sahəni nəzarətdə saxlayırlar.
Doğrudur, çətinliklərlə üzləşirik. Amma öhdəsindən gəlirik. Ona görə də həm vaxtında əmək haqqımızı alırıq, həm də icbari ödəmələri, o cümlədən DSMF-yə ödəməni gecikdirmirik. Bu gün Mingəçevir bələdiyyəsinin heç bir təşkilata borcu yoxdur.”
Belediyye.info