"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“400-ə yaxın vətəndaşın sənədləri hazırlanıb, lakin evlərinin özəlləşdirilməsi ləngiyir”

--2015-09-29 / 21:36

“Vətəndaşlar əmlak və torpaq vergisini ödəməkdə maraqlı və könüllü deyillər”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Beyləqan bələdiyyəsinin sədri Novruz Quliyev deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən vətəndaşlara bildirişlər paylanıb: “Lakin sakinlər könüllü şəkildə vergini ödəməkdə maraqlı deyillər. əvvəlki dövrlə müqayisədə indi vergilərin toplanması çox zəif şəkildədir. əmlak vergisi də çox aşağı səviyyədə toplanır. Haradasa, vergilərin 10-15 faizini yığa bilməmişik. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölməsində mənzillərin özəlləşdirilməsi hələ tam qaydasına düşməyib. 400-ə yaxın vətəndaşın sənədləri hazırlanıb, lakin evlərinin özəlləşdirilməsi ləngiyir. Ötən bir neçə ayda heç bir ev özəlləşməyib. Bu da bələdiyyənin fəaliyyətinə, xüsusilə büdcəsinə təsir göstərir. Məhz vətəndaşların da narazı olduğu məsələ bununla bağlıdır”.

Hərrac komissiyasının fəaliyyətinə toxunan bələdiyyə sədri deyib ki, uzun müddətdən sonra oktyabrın 15-də bu komissiya vasitəsilə hərrac keçiriləcək: “Bizdə gözləyirik, görək necə olacaq”. 

N.Quliyev bələdiyyə olaraq rayonun abadlaşdırılmasında yaxından iştirak etdiklərini deyib. Onun sözlərinə görə, rayonda məskunlaşan məcburi köçkün ailələrinə, şəhid ailələrinə və digər bu kateqoriyadan olan şəxslərə köməkliklər göstərilir: “Bələdiyyənin ötən illərdən Dövlət Sosial Müdafiə Fonduna 5-6 min manat civarında borcu var. Eləcə də ötən 5 ildə telefon pulu ödənilməyib və bu borc da var. əməkdaşlarımızın əmək haqqılarını ödəməyə çalışırıq, lakin yenə də son bir-iki ayın borcu qalıb. Bütün bunlara baxmayaraq, yığılmış borcları aradan qaldırmaq üçün mövcud imkanlardan istifadə edirik”.

Bəxtiyar Məmmədli

ŞƏRHLƏR