"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya inteqrasiyası” ictimai Birliyi “Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihə həyata keçirəcək

--2019-08-05 / 19:59

 “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya inteqrasiyası” ictimai Birliyi “Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihəsini reallaşdırmağa hazırlaşır. Bu barədə layihənin rəhbəri Natiq Cabbarlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyə dəstəyi ilə həyata keçiriləcək layihənin məqsədi milli mətbəximizin ölkəmizdə turizmin inkişafındakı rolunu, Azərbaycana daha çox turistin cəlb olunmasına təsirini qabartmaqdır. Onun sözlərinə görə, layihə ölkəmizdə turizmin inkişafına müsbət təsir etməklə yanaşı, milli mətbəximizin turistlərə, əcnəbilərə tanıdılmasında və ermənilərin özününküləşdirmək istədiyi yeməklərimizin, həqiqətən Azərbaycan xalqına məxsus olmasının təsdiqində mühüm rol oynayacaq.

Layihə Bakı Bulvarında həyata keçiriləcək. Layihə rəhbərinin fikrincə, gündən-günə gözəlləşən, Avropanın ikinci ən böyük bulvarı olan Dənizkənarı Milli Park ölkəmizə gələn turistlərin daha çox üz tutduğu məkanlardan biridir. Bakı Bulvarını ilin bütün fəsillərində gün ərzində minlərlə turist ziyarət edir.

Layihə çərçivəsində üç gün ərzində ictimai Birliyin üzvləri Dənizkənarı Milli Parkda turistlərin daha çox ziyarət etdiyi ərazilərdə olacaq, onları milli mətbəximizin dadlı və əvəzolunmaz nümunələrinə, məsələn, yarpaq dolması, lavaş, lülə kabab və şərbətə qonaq edəcəklər. Turistlərə, həmçinin Azərbaycan, onun qədim tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri, mətbəx, məişət və süfrə mədəniyyəti, qonaqpərvərliyi haqqında ətraflı məlumat veriləcək, bu mövzuda ingilis dilində hazırlanmış buklet təqdim ediləcək.

Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya inteqrasiyası” ictimai Birliyi 2004-cü ildə yaradılıb. Məqsəd xalqımızın zəngin mətbəx, məişət və süfrə mədəniyyətini, adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, milli bayramlarımızı dərindən araşdırmaq, öyrənmək, yaşatmaq, sevdirmək, ölkə daxilində və xaricdə layiqincə təbliğ etmək, eyni zamanda milli mətbəximizin nümunələrinə də göz dikən, onları özününküləşdirməyə çalışan bədnam qonşularımızın – ermənilərin bu çirkin niyyətlərinə qarşı da mübarizə aparmaqdır.

ŞƏRHLƏR