"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib

--2018-10-31 / 16:47

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Gender bərabərliyi üzrə komissiyası tərəfindən “Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib.

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının konfrans zalında keçirilən tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Gender bərabərliyi üzrə komissiyasının sədri Jalə Tofiqqızı, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri ,“Belediyye.info” saytının təsiçisi Vüqar Tofiqli, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, həmkarlar ittifaqının üzvləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının sədri Məhərrəm Xəlilov qonaqları salamlayıb və konfransın məqsədi haqqında məlumat verib. Məhərrəm Xəlilov bildirib ki, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı bələdiyyələrin qarşılaşdığı problemlərə diqqətlə yanaşır və onların həlli üçün respublika bələdiyyələrində mövcüd olan real vəziyyəti təhlil edərək öz təkliflərini mütəmadi olaraq aidiyyatı orqanlara göndərir. Verilən təkliflər əsasən bələdiyyələrin maliyyə bazasının möhkəmlənməsinə və bələdiyyələrdə çalışan işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə yönəlib.

Konfransda “Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Gender bərabərliyi üzrə komissiyasının sədri Jalə Tofiqqızı qeyd edib ki, bu gün Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə ölkə rəhbərliyinin siyasi iradəsinə arxalanaraq özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətdə özünəməxsus yer tutmağa səy göstərirlər. Prezident ilham əliyevin qərarqəbuletmədə qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkdiyini vurğulayan Jalə Tofiqqızı Azərbaycanda bələdiyyə tarixində gender bərabərliyinin inkişafından danışıb. Bildirib ki, gender bərabərliyinin qorunması üçün maarifləndirmə işləri daha da gücləndirilməli və bu işdə kişilər də qadınlarla bərabər maraqlı olmalıdır.

Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, qadınlara diqqət və qayğının nəticəsi olaraq, bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal olan Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2%-dir. Hümbət Hüseynov deyib ki, respublikada qadın hərakatının geniş vüsət almasında, xanımları nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və iSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova konfransda çıxış edərək bildirib ki, bələdiyyə institutunda gender bərabərliyinin təmin olunması, bu mövzuda tədbirin təşkili təqdirəlayiq haldır. Cəmilə Səttarova deyib ki, AHiK qadınların iş yerində hüquqlarının tapdalanmasının, ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, onlar üçün nümunəvi şəraitin yaradılması və s. istiqamətlərdə məqsədyönlü işlər aparır. işləyən qadınlar arasında aparılan sorğular sübut edir ki, Azərbaycanda bu sahədə qanunun kobud şəkildə pozulması halları müşahidə olunmur. Mərkəzin sədri vurğulayıb ki, AHiK-in beynəlxalq qurumlarla birlikdə apardığı məqsədyönlü işlər, maarifləndirmə tədbirləri nəticəsində bu sahədə bir çox nailiyyətlər əldə olunub.

Daha sonra tədbirdə çıxış edən “Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli Azərbaycanda bələdiyyələrin büdcəsinin formalaşdırılması, bələdiyyə təsərrüfatı və bələdiyyə aparatının saxlanılması ilə bağlı müxtəlif bələdiyyələr arasında müqayisələr aparıb. Bələdiyyə işində qadınların iştirakçılığına toxunan natiq bu kimi tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. O, qadınların yerli sosial problemlərin həllinə həssaslıqla yanaşdıqlarını, həmçinin mətbuatla sıx əlaqəli fəaliyyətdə olduqlarını qeyd edib. Vüqar Tofiqli söyləyib ki, bu gün Azərbaycan qadını bir sıra məsələlərin həllində, eləcə də qərarqəbuletmədə kişilərlə bərabər mühüm rol oynayırlar.

Belediyye.info

 

ŞƏRHLƏR