“ilkin olaraq Gəncə, Sumqayıt, o cümlədən iri şəhərlərdə vahid bələdiyyə sisteminin yaradılmasını təklif edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün parlamentin iclası zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“əgər bu, effektiv olarsa, gələcəkdə Bakı Böyük şəhər Bələdiyyəsi yaradıla bilər”, - deyə S. Novruzov qeyd edib.
O, həmçinin bələdiyyələrin sayının çoxluğundan şikayət edib: “Azərbaycanda 1600-dən çox bələdiyyə var. işğaldan azad olunan ərazilərdə bələdiyyələr indiki sistemlə yaradılsa, onda onların sayı daha 500 artacaq. Biz Azərbaycanda bələdiyyələrin birləşdirilməsi və onların azaldılmasını təklif edirik”.
Komitə sədri, eyni zamanda Azərbaycanda bələdiyyə üzvlərinin də sayının azaldılmasını təklif edib.
***
Depuat Fazil Mustafa isə indiki vəziyyətdə bələdiyyə sahəsində islahatların keçirilməsini absurd hesab edir:
“Bələdiyyələrin birləşdirilməsinin tərəfdarıyam. Bakı şəhərində Böyük şəhər Bələdiyyəsi yaradılmalıdır. şuraya yeni üzvlər seçilməlidir. Rayonların əksəriyyətində bələdiyyələrə ehtiyac yoxdur. Bələdiyyələrə xəritələr verilməlidir. Onların əllərində idarə etdiyi ərazilərin xəritələri belə yoxdur. Xəritəsi olmayan yerdə o hansı torpağı icarəyə verə bilər? Haradan pul qazana bilər? Bələdiyyə məsələsinə ciddi yanaşmaq lazımdır. Bələdiyyə məcəlləsinin qəbulundan 23 il keçib. Biz bələdiyyəni ildən-ilə öldürə-öldürə gedirik”.
O xatırladıb ki, iki il əvvəl Nazirlər Kabineti qəbiristanlıqların bələdiyyələrə verilməsinə dair qərar qəbul edib: “Amma dirilər bir tərəfə, ölüləri, qəbiristanlığı bələdiyyəyə vermək istəmirlər. Bölgələrdə bələdiyyə sədrlərini tanıyan yoxdur, onlara konkret səlahiyyət vermək lazımdır”.
***
Millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycanda bələdiyyələr ölü doğulub:
“Düşünmürəm ki, bələdiyyələrin yaradılmasında əsas məqsəd insanlara xidmət göstərmək, onların problemin həll etmək olub. O problemləri həll etmək üçün onların səlahiyyələri olmalı idi. Biz hərdən yerli icra hakimiyyət orqanlarının səlahiyyətlərinin bələdiyyələrə verilməsini təklif edirik. Bir neçə icra başçısı mənə deyib ki, axı bizim nə səlahiyətimiz var ki, bizə də onu verilməsini təklif edirsiniz? Azərbaycanda, hətta rayonlarda hər şeyi mərkəzi icra orqanları əllərinə keçiriblər, regional idarələr yaradıblar. Bütün məsələlər onlar tərəfindən həll edilir”.
Deputat bildirib ki, bu sahədə ciddi islahatlar aparılmalıdır: “Hökumət hətta bələdiyyələrin səlahiyyəti ilə bağlı konstitusiya islahatına getməlidir”.
Eldar Tanrıverdi
https://qafqazinfo.az/news/detail/gelecekde-baki-boyuk-seher-belediyyesi-yaradila-biler-359018