şirvan regional ədliyyə idarəsi ərazi yurisdiksiyasına aid inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələrə “torpaq sahələri barədə icarə müqavilələrinin bağlanması” nda dair tövsiyə məktubu göndərib.
şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynovun imzasıyla göndərilən göndərilən tövsiyə məktubunda qeyd edilir.
“Cari ilin müvafiq dövründə şirvan regional ədliyyə idarəsinin yurisdiksiyasına aid inzibati-ərazi vahidlərində fəaliyyət göstərən bələdiyyələr tərəfindən qəbul edilmiş aktların ekspertizası və həmin bələdiyyələrin fəaliyyəti ilə bağlı müraciətlər əsasında həyata keçirilmiş inzibati nəzarət icraatı zamanı bir çox hallarda torpaq sahələri barədə icarə müqavilələrinin bağlanması, müqavilə şərtlərinin dəyişdirilməsi və xitamı, eyni zamanda torpaqla əlaqədar əqdlərdən daxil olan vəsaitin sərf edilməsi məsələləri üzrə qanunvericiliyin tələblərinin pozulması və ya müəyyən olunmuş tələblərə düzgün riayət edilməməsi faktları aşkarlanmışdır.
Belə ki, müvafiq dövr üzrə həyata keçirilmiş inzibati nəzarət icraatında bələdiyyələr tərəfindən xüsusən 11 ay müddətinə (mövsümü) icarə müqavilələrinin bilavasitə bağlanması hallarına daha çox yol verilməsi və notarial qaydadan kənar bağlanan bu kimi (mövsümü) müqavilələrin bağlanmasının qanunvericilyə zidd olmaması ilə əlaqələndirilməsi müşahidə olunmuşdur.
Göstərilən məsələlərlə bağlı qeyd olunur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyətnəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1.-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
icarə müqavilələrinin bağlanmasının mümkünlüyünün on bir aylıq müddətlə (mövsümü xarakterli olması ilə) əlaqələndirilməsinə gəldikdə isə Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2.-ci bəndində göstərilir ki, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi müvafiq normada müddəti on bir aydan az olan icarə müqavilələrinin dövlət qeydiyyatına alınmasının tələb olunmadığı nəzərdə tutulmuşdur ki, bu müddəanın da yuxarıda qeyd olunan bələdiyyə torpaqlarının icarə qaydasında istifadəyə verilməsi əsaslarına dair müəyyən edilmiş tələblərə heç bir aidiyəti yoxdur.
Müqavilə şərtlərinin dəyişdirilməsi və xitamı məsələləri ilə bağlı isə qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
Bundan başqa torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsində təsbit edilmişdir. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (2-ci abzas) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (3-cü abzas) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (4-cü abzas) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (5-ci abzas) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; (6-cı abzas) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (7-ci abzas) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (8-ci abzas) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (9-cu abzas) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (10-cu abzas) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (11-ci abzas) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (12-ci abzas) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikiliyə və qurğuya mülkiyyət hüququ keçdikdə; (13-cü abzas) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (14-cü abzas) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.
Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Bundan başqa həmin maddənin 3-cü bəndinə görə bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
Eyni zamanda Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti və ya bələdiyyə tərəfindən xitam verilir.
Beləliklə yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi icarə qaydasında istifadəyə verilmiş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində istifadə hüququna bir tərəfli qaydada xitam verilməsindən ötrü icarə münasibətləri üzrə tənzimlənməni özündə ehtiva edən yuxarıda göstərilən əsaslardan hər hansı biri olmalıdır. Eyni zamanda bu halda icarə müqaviləsinə xitam verilməsi əsaslarından asılı olaraq həmin məsələyə Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndində müəyyən edilmiş səlahiyyətli orqan tərəfindən baxılmalıdır.
Torpaqla əlaqədar əqdlərdən daxil olan vəsaitin xərc istiqamətlərinin müəyyən edilməsi və icrası məsələləri ilə bağlı isə qeyd olunur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2.-ci maddəsinə əsasən torpaqla əlaqədar əqdlərdən daxil olan vəsaitin müvafiq bələdiyyə tərəfindən müəyyən edilmiş hissəsi yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsinə sərf edilməlidir.
Odur ki, hər bir yerli özünüidarəetmə orqanı tərəfindən bələdiyyə torpaqları ilə bağlı əqdlərdən daxil olan vəsaitin hansı hissəsinin müvafiq işlərin icrasına sərf edilməli olduğuna dair müvafiq akt qəbul edilməli və həmin əsaslar üzrə yerli büdcəyə daxil olan vəsaitin uçotu aparılmaqla müəyyən olunmuş hissə bələdiyyə ərazisindəki yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsinə sərf edilməlidir.
Bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri ilə bağlı hazırlanmış tövsiyə Sizə göndərilməklə müvafiq münasibətlərin tənzimlənməsini nəzərdə tutan qanunvericiliyin tələblərinin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsi və qanunun tələblərinə dürüst əməl olunması tövsiyə olunur.
Belediyye.info