“23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsinə bələdiyyə qulluqçularından daxil olan sorğuların əksəriyyəti yeni seçilən sədrin (işəgötürənin) onları işdən azad etmə hüququ olub olmaması ilə bağlı olmuşdur”-bu barədə məlumatı Belediyye.infonun əməkdaşına açıqlamasında Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov bildirib. Hüquq müfəttişinin sözlərinə görə, mülkiyyətçi (sədr) dəyişdikdə əmək münasibətləri əmək Məcəlləsinin 63 maddəsinin tələblərinə uyğun tənzimlənir. Bu maddə çox aktual bir məsələni –müəssisənin mülkiyətçisi dəyişdikdə işçilərin, belə demək mümkünsə taleyini, yəni əmək münasibətlərini tənzimləyir. Bu maddə işçilər üçün əlverişli bir qayda müəyyən edir. Müəssisənin mülkiyətçisinin (bələdiyyə sədrinin) dəyişməsi heç də bütün işçilərlə əmək müqaviləsinin xitam edilməsi üçün əsas kimi çıxış etmir.
Müəssənin mülkiyətçisi (bələdiyyə sədri) dəyişdikdə Azərbaycan Respublikasının əmək Məcəlləsinin 63—cü maddəsinin ikinci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyətçi (yeni sədr) tərəfindən qüvvədə saxlanılır. Bu zaman yeni mülkiyətçi (sədr) tərəfindən müvafiq əmrin (qərarın, sərəncamın) verilməsi tələb olunmur,
işçilərlə bağlanmış əmək müqavilələri müəssənin yeni mülkiyətçisi (bələdiyyə sədri) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməklə əmək Məcəlləsinin 70, 73, 75 –ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.
Bir sözlə müəssənin mülkiyətçisi (bələdiyyə sədri) dəyişdikdə bütün işçilərlə deyil, yalnız müəssənin işəgötürəni, onun müavinləri, baş mühasib və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrinin rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə xitam verə və ya Azərbaycan Respublikasının əmək Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Qeyd edilən kateqoriyadan olan şəxslərlə əmək müqaviləsini ləğv etmək yeni rəhbərin vəzifəsi deyil, hüququdur. Yeni rəhbər (sədr) bu hüquqdan istifadə etməyə də bilər.
Müəssənin mülkiyətçisi (bələdiyyə sədri) dəyişdikdə işçi özü də yeni sədrlə işləmək arzusunda olmaya bilər. Bu halda işçi tərəfindən əmək müqaviləsi müəyyən edilmiş qaydalara riayət olunmaqla Azərbaycan Respublikasının əmək Məcəlləsinin 69-cu maddəsi ilə ləğv edilə bilər.
Sonda M.Kərimov bildirb ki, gələcəkdə bələdiyyə qulluqçuları qeyri-qanuni və əsassız işdən azadolma ilə rastlaşarlarsa pozulmuş əmək hüquqlarının müdafiəsi üçün Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqına müraciət etmələrini tövsiyyə edirik.
Belediyye.info