Xəbər verildiyi kimi, DSMF-yə və digər qurumlara birlikdə Biləcəri bələdiyyəsinin 784 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, əhmədli bələdiyyəsinin 86.200 manat borcu var.
Müəllif yazısında qeyd edilirdi ki, bu bələdiyyələrdə borcun silinməsiylə bağlı hər hansı konkret həll proqramı yoxdur. Bəs vəziyyətdən çıxış yolu barədə nə demək olar?
Bununla bağlı Belediyye.infoya açıqlama verən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, həqiqətən adıçəkilən bələdiyyələrdə gərgin vəziyyət yaranıb. On beş ilə yaxındır ki, Biləcəri bələdiyyəsinin bank hesabı bağlıdır. Xocasən bələdiyyəsində yaranmış vəziyyəti qənaətbəxş saymaq olmaz. Binəqədi qəsəbə bələdiyyəsi isə hiss olunur ki, bütün qüvvələri səfərbər edib borclarını silməyə başlayıb və xeyli miqdarda azaldıb. Bu templə getsələr ilin sonunadək borcu silmiş olacaqlar.
əhmədli bələdiyyəsində isə yaranmış vəziyyət də çox acınacaqlıdır. Bu siyahını artırmaqda olar.
Bələdiyyələri bu vəziyyətdən çıxarmağın yolu var. Bunun üçün atılacaq ilk addım rayonda formalaşan bələdiyyələrin birləşdirilməsidir. Bunun üçün heç də uzağa gedib, özümüzü çətinə salmamalıyıq. 2000-ci ilin aprelində “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Prezident sərənmcamıyla təsdiq edilib. Qanunun birinci maddəsində qeyd edilib:
“Bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyinin nəzərə almaqla birləşərək, yaxud ayrılıqda yeni bələdiyyə təşkil edə bilərlər.”
Məhz qanunun bu maddəsinə istinad etməklə prosesə başlamaq olar. Burada isə söhbət məhz birləşmənin bu bələdiyyələrdəki “sosial-iqtisadi vəziyyət”lə əlaqədar olması göz önündədir. Yəni əgər bələdiyyədə borcun silinməsiylə bağlı proqram yoxdursa, bu qədər külli miqdarda borcun silinməsiylə bağlı konkret addım atılmırsa demək vəziyyətdən çıxış yalnız onun birləşdirilməsidir. Qanunda prosesin icrası da açıq aydın göstərlib.
2008-ci ildə əlavə edilmiş düzəlişə əsasən “birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşdiirlməsi məsələsinə münasibət bildirməsi təmin edən yığıncaq keçirilir.”
Göründüyü kimi, qanunda konkret şəkildə bütün prosesin icrası göstərilir. istər Binəqədidə, istər Xətaidə, istərsə də digər rayonlarda formalaşan və külli miqdarda borcu olan bələdiyyələrin çıxış yolu birləşdirməkdən geçir. Külli miqdara borcu olan bələdiyyələr ləgv edilərək birləşdirilməlidir. Bununla yanaşı borcu yaradan şəxslərin isə gələcəkdə belə halların təkrarlanmaması üçün inzibati məsuliyyətə cəlb edilməsiylə bağlı müvafiq qanunvericiliyə dəyişikliyin edilməsinə zəruriət yaranıb.
Belediyye.info