"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aydın Aslanov: ən böyük problemlərimizdən biri Reyestr Xidməti ilə bağlıdır”

--2015-09-17 / 21:16

“Mütəmadi olaraq vətəndaşlarla görüşürük, onların problemlərini dinləyirik”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov deyib. Onun sözlərinə görə, vətəndaşların əsasən dilə gətirdikləri problem küçələrin təmizliyi ilə bağlıdır: “Eyni zamanda şəhərin bəzi hissələrindəki yollarla bağlı təkliflər verirlər. Biz də bələdiyyə olaraq, çalışırıq ki, onları narahat edən məsələləri tez bir zamanda həll edək”.

Bələdiyyə sədri qeyd edib ki, əmlak və torpaq vergisinin toplanması ilə bağlı əhali arasında maarfiləndirmə işləri həyata keçiririk. Onun sözlərinə görə, vergilərin yığımı normal şəkildə davam edir: “Amma ən böyük problemlərimizdən biri əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti ilə bağlıdır. Beləki, vətəndaşların torpaqlarının özəlləşdirilməsi ilə bağlı sənədlərin hazırlanması məsələsində bizi çox incidirlər. ilk sənədi bələdiyyə hazırlayır və onun kadastrı, çıxarışın alınmasına gələndə ya vətəndaşlara bu sənədin verilməsi uzadılır, ya da heç verilmir. Bu da bizə böyük problem yaradır”.

A.Aslanov qeyd edib ki, bələdiyyə olaraq şəhərin yollarında təmir işləri aparılıb: “Vətəndaşların müraciətlərinə baxırıq və lazımi köməkliklər göstəririk. Məsələn, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq imkansız ailələrin məktəb geyimi, ləvazimatları ilə bağlı yardımlarımız olub. Eyni zamanda küçələrin işıqlanması məsələsində yaranmış problemlərin aradan qaldırılmasında bütün imkanlarımızdan istifadə edirik”.

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyənin əvvəldən 28 min manat Dövlət Sosial Müdafiə Fonduna borcu var: “Buna görə bank hesabımız bağlı idi. Lakin fondla müqavilə bağlamışıq və hesabımıza daxil olan məbləğdən köhnə borcları da veririk. Bələdiyyədə çalışanlar heç bir borcumuz yoxdur və hər ayın 31-i əmək haqlarını alırlar”.

Bəxtiyar Məmmədli

        

ŞƏRHLƏR