Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi cari ilin sentyabrın 26-na təyin edilib. Ümumxalq səsverməsinin (referendumun) hazırlanıb həyata keçirilməsi istiqamətində artıq ilk addımlar atılmaqdadır. Referendumun yüksək səviyyədə keçirilməsi bir sıra amillərlə yanaşı, eyni zamanda, bu sahədə göstərilən təşəbbüskarlıq əzmi və təşkilatçılıq səviyyəsilə də bağlıdır. Bu baxımdan referendum üzrə təşviqat qruplarının üzərinə çox ciddi və məsul vəzifələr düşür.
Məlumdur ki, qloballaşan müasir dünyada insan və vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş həmin normaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Həmin hüquqlar bilavasitə seçki (referendum) subyektlərinin özləri (seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları və s.) tərəfindən qanunvericiliyin verdiyi imkanlar çərçivəsində reallaşdırılır.
Sirr deyil ki, bu gün respublikada ümumxalq səsverməsinin (referendumun) demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür şərait mövcuddur. Bu baxımdan ölkədə ictimai-siyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının mövcud olması, maddi-texniki təchizatın yüksək səviyyəsi, mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması, eyni zamanda, çoxsaylı seçki (referendum) subyektlərinin hazırlıq səviyyəsi olduqca əhəmiyyətli amillərdir. Eyni zamanda, həmin subyektlərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də məhz nəzərdə tutulan məqsədə xidmət edir. əgər nəzərə alsaq ki, beş milyondan artıq daimi seçici (referendumda iştirak etmək hüququ olan şəxs), referendum üzrə təşviqat qrupu, onların təmsilçiləri, müşahidəçilər, KiV nümayəndələri referendum prosesinə qoşulur, onda çoxsaylı seçki subyektləri üçün təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətini təsəvvür etmək çətin deyil.
Qarşıdan gələn ümumxalq səsverməsi (referendum) ilə bağlı diqqət mərkəzində dayanan məsələlərdən biri seçici siyahıları ilə işdir. Onu da qeyd edək ki, daimi xarakterli fəaliyyət istiqaməti olan seçici siyahıları ilə iş özünəməxsus maarifləndirmə imkanlarına malikdir. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Çox müsbət haldır ki, seçki subyektləri Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bütün qərarlarla, sənədlərlə və keçirdiyi tədbirlərlə müasir texnologiyalardan asanlıqla istifadə etməklə yaxından tanış olur, həmçinin seçkilərdə iştirak edən subyektlərlə bağlı məlumatlar əldə edə bilirlər. Məlumdur ki, ayrı-ayrı seçkilərdən fərqli olaraq, referendumun özünəməxsus xarakterik cəhətləri vardır. Bunlardan ən başlıcası referendum üzrə təşviqat qruplarının yaradılması və onların çoxşaxəli fəaliyyətidir. Təşviqat qrupu üzvlərinin qanunvericilikdə nəzərdə tutulan sayı bunu deməyə əsas verir ki, həmin subyektlərin maarifləndirilməsi, qanunvericiliyin onlara aşılanması, hüquqi biliklərin artırılması günümüzün ən aktual məsələlərindəndir .
Referendum üzrə təşviqat qruplarının üzvləri Konstitusiyada ediləcək dəyişikliklərin hər birinin mahiyyətini dərindən dərk etməli, ətraflı şəkildə öyrənməli və ən sadə vətəndaşların belə başa düşəcəyi şəkildə izah etməyi bacarmalıdırlar.Təşviqat qrupunun üzvləri bütün yaşayış məntəqələrini əhatə etməklə yeni dəyişikliklərlə əlaqədar geniş izahat və maarifləndirmə işləri aparılması üçün dəqiq tədbirlər planı və iş qrafikinə əsaslanmalıdırlar. Vətəndaşlarla keçirilən söhbətlər respublikada və rayonda sosial iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri əks etdirən konkret faktlar əsasında təşkil edilməlidir. Biz çalışmalıyıq ki, seçicilər konstitusiyada ediləcək dəyişikliklərin vacib olduğunu konkret şəkildə dərk etsinlər, ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini başa düşərək referendumda iştirak etməyin onların vətəndaşlıq borcu olduğunu anlasınlar.
Ona görə də konstitusiyaya edilən hər bir dəyişiklik haqqında sadə və anlaşıqlı şəkildə onlara geniş bilgi verməliyik. Dövlətçiliyimizin möhkəmləndirilməsində yeni dəyişikliklərin müstəsna rolu olduğunu seçicilərə canlı və obrazlı şəkildə çatdırmağı bacarmalıyıq.
inamla demək olar ki, qarşıdan gələn ümumxalq səsverməsində (referendumda) seçki (referendum) komissiyaları tərəfindən bu prosesdə iştirak edən subyektlərin maarifləndirilməsi məqsədilə həyata keçirilən bütün tədbirlər nəticə etibarı ilə seçki praktikasının zənginləşməsinə və seçki subyektlərinin hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Aygül Məmmədova
Astara Bələdiyyəsinin sədri