“əmlak vergisinin toplanması ilə əlaqədar hazırlıq işləri gedir”. Bu sözləri belediyye.info saytına açıqlamasında Siyəzən bələdiyyəsinin sədri Azər Babayev deyib. Onun sözlərinə görə, hələki bu verginin məbləği tam hesablanıb başa çatmayıb: “Bir-bir, ev-ev gəzib ölçüləri götürürük ki, müvafiq qaydalara görə ümumi məbləği hesablayıb vətəndaşlara təqdim edək. 6 min evi gəzib, onu hesablamaq bir günün işi deyil, həqiqətən də proses çətindir. Evlərin qeydiyyatı aparılması üçün bələdiyyələrə əlavə maliyyə vəsaiti və işçi qüvvəsi lazımdır”.
Yeni qaydalardan danışan A.Babayev qeyd edib ki, ölçmələr, hesablanmalar aparılır və sonra bildirişlər vətəndaşlara təqdim edilir: “Bildirişlər təqdim edildikdən sonra vətəndaş öz istəyi ilə həmin vergini poçt vasitəsiylə ödəniş etməlidir. Maraqlıdır ki, vətəndaşlarımız hər zaman bu məsuliyyətdən boyun qaçırır. Dəfələrlə qapısına gedib, xahiş etməli oluruq. Təbii ki, yeni qaydalar bələdiyyələrin işinin asanlaşdırılmasına, inkişafına xidmət edir. Vətəndaşlar da bu qaydalara əməl edəcək, ancaq bunu üçün vaxt lazımdır. Bununla əlaqədar olaraq əhali arasında maarifləndirmə işi aparırıq. Elə bizim bələdiyyənin həyata keçirdiyi işlərin nəticəsidir ki, ötən may ayında 5 minə yaxın abonentimizdən 300 nəfəri torpaq vergisini ödəyib. Vergilərin ödənilməsi bu şəkildə getsə, çox yaxşı olar”.
Siyəzən bələdiyyəsinin sədri qeyd edib ki, bələdiyyə ərazisində sənədsiz evlər yoxdur: “Çünki bura rayon yeridir və hər kəs öz sənədi ilə evlərə məxsusdur. Burada belə bir hal yoxdur”.
Bəxtiyar Məmmədli