"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bahadur Kərimov: “çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir, lakin təəssüflər olsun ki....”

--2019-07-25 / 19:52

Onunla ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində çalışdığı vaxt tanış olmuşduq. Və bir dəfə də Batumi şəhərinə keçirilən beynəlxalq konfransda birgə iştirak etmişdik.

Xarici qonaqlarla necə ünsiyyətdə olduğunun, ingilis dilində ölkəmizin mövqeyini bildirməsi diqqətimdən yayınmadı. Bu günlərdə isə vəkilliklə bağlı imtahan verərək yüksək ball toplayaraq artıq vəkilliyə başladğını eşitdim.

Düşünürəm ki, vəkillik vəzifəsinin öhdəsindən Bahadur Kərimov layiqincə gələcək.

ilk dəfə olaraq həmsöhbətimlə   çoxmənzilli binaların idarə olunması mövzusu ətrafında söhbət etdik. Maraqlı alındı. Çiddi suallara məntiqli cavabıyla Bahadur Kərimovun gələcəkdə vəkil kimi fəaliyyəti də daha uğurlu olacağına inanıram.

Müsahibəni olduğu kimi təqdim edirəm.

-Qanunvericilikdə çoxmənzilli binaların idarə olunmasında bələdiyyələrin iştirakı ilə bağlı normalar nəzərdə tutulmuşdur. Lakin bələdiyyələrin bu sahədə fəaliyyəti nəzərə çarpmır. Sizin bu barədə fikirlərinizi bilmək istərdik.  

-ilk öncə qeyd etmək istərdim ki, bələdiyyə.info saytı həm bələdiyyə üzvləri və qulluqçularının, o cümlədən vətəndaşların maarifləndirilməsi baxımından faydalı işlər görür. Sizə bu fəaliyyətdə uğurlar diləyirəm. Sualınıza görə də təşəkkür edirəm. Doğrudan da bu sahədə fəaliyyətsizliyin olduğu müşahidə olunur. Halbuki çoxmənzilli binaların idarə edilməsi ilə bağlı təşkilatların yaradılması olduqca vacibdir. Qeyd edim ki, 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin yeddinci bölməsi və 15-ci fəsli çoxmənzilli binaların idarə edilməsi ilə bağlı məsələləri ehtiva edir.

-          Çoxmənzilli binaların idarə olunması ilə bağlı bələdiyyələrin üzərinə hansı vəzifə düşür və ya qanunvericiliyə görə bu məsələ necə tənzimlənir?

-          Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

Məcəllənin 141.2-ci maddəsində qeyd olunur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:

binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;

mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;

idarəedici təşkilat tərəfindən idarə edilmə.

Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilməlidir və istənilən vaxt ümumi yığıncağın qərarı əsasında dəyişdirilə bilər. idarəetmə üsulunun seçilməsi barədə qərar sahə mülkiyyətçiləri üçün məcburidir.

Məcəllənin 141.4-cü maddəsində göstərilir ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya idarə edilmə üsulunun seçilməsi barədə qərar icra olunmadığı halda məsələnin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır.

Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin idarə edilmə üsulunun seçilməsi qərarı icra olunmadıqda həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi” Qaydasına (Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarı) uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir.

Açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində bələdiyyə çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur.

Onu da qeyd edim ki, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

-          Çoxmənzilli binanın idarə edilməsində neçə təşkilat iştirak edə bilər və binanın idarə olunması hansı qayda ilə tənzimlənir?  

-          Onu bildirim ki, qanunvericiliyə görə çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.

13 iyun 2017-ci il tarixli Qanunla Mənzil Məcəlləsinə əlavə edilmiş 141-1.1-ci maddədə qeyd olunmuşdur ki, idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının, yəni Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Lakin təəssüflər olsun ki, bugünədək sözügedən qayda müəyyən edilmədiyindən bu sahəni tənzimləyən norma mövcud deyil.

Belediyye.info

 

ŞƏRHLƏR