"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə büdcəsi: hara və necə xərclənir?

--2015-05-18 / 18:17

2012-ci ildə dövlət büdcəsindən bələdiyyələrə verilən dotasiyaların həcmi 1,5 milyon manat artırılaraq 3,5 milyon manatdan 5 milyon manata çatdırılıb. Yerli özünüidarə qurumlarına ayrılan maliyyə yardımlarının 1,5 milyon manat artırılması büdcə paketinin Milli Məclisdə müzakirəsi zamanı səsləndirilən çoxsaylı təkliflərdən sonra mümkün olub.

 

Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələr üçün nəzərdə tutulan vəsaitin azlığından şikayətlənmişdi: “Hazırda Azərbaycanda 1715 bələdiyyə fəaliyyət göstərir. 2008-ci ildən bu yana Azərbaycan büdcəsi təxminən 50 təxminən artıb. Amma bələdiyyələr üçün vəsait dəyişməyib - 3,5 milyon manat olduğu kimi saxlanılıb. Doğrudur bələdiyyələr təkcə dotasiya ilə yaşamalı deyil. Amma bələdiyyələrə kömək etmək də lazımdır. Kino çəkilişinə 9 milyon manatdan artıq vəsait ayrıldığı halda, bələdiyyələrə ayrılan 3,5 milyon manat məbləğ xeyli az məbləğdir. Halbuki yerli idarəetmə orqanı olan bələdiyyələr hakimiyyət strukturunun çox mühüm hissəsidir”.

 

Xatırladaq ki, 2007-ci ildən başlayaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyaların həcmi 3,5 milyon manat olub. Bələdiyyələrin ən çox dotasiya aldığı vaxt 2002-ci ilə təsadüf edib. Həmin ilin büdcədən ayrılan maliyyə yardımının həcmi 5 milyon manat olub. 2003-cü ildə isə 5 dəfə azaldılaraq 1 milyon manata endirilib.

 

Hökumət bələdiyyələrin inkişafında maraqlı deyil?

 

Ekspertlər isə 20 milyard dollar illik büdcəsi olan Azərbaycanda (bu il dövlət büdcəsinin xərcləri 17 milyard 72 milyon manat həcmində proqnozlaşdırılır – Q.Y.) yerli özünüidarə qurumlarının büdcədəki payının çox az olduğunu söyləyirlər. Azad iqtisadiyyata Yardım ictimai Birliyinin rəhbəri Zöhrab ismayıl deyir ki, Avropanın inkişaf etmiş ölkələrinin əksəriyyətində dövlət büdcəsinin əsas hissəsi məhz bələdiyyələr vasitəsilə xərclənir. Hətta bəzi ölkələrdə investisiya xərclərinin məcmu dövlət kapital qoyuluşlarında bələdiyyələrin payı 80-90 faiz təşkil edir. Məsələn, 2008-ci ildə Belçikada investisiya xərclərinin məcmu dövlət kapital qoyuluşlarında bələdiyyələrin payı 80, Fransada və italiyada 78, Niderlandda 75, qonşu və qardaş Türkiyədə 57 faiz təşkil edib. Amerika və Kanadada isə bu göstərici qitəsində daha yüksəkdir. Belə ki, Kanadada büdcə investisiyalarının 90 faizini, ABş-da isə 85 faizini bələdiyyələr xərcləyir.

 

Ekspert deyir ki, Azərbaycanda yerli özünüidarə orqanlarının büdcəsinin kasad olmasının əsas səbəblərindən biri dövlətin bu qurumların bir struktur kimi güclənməsində və inkişaf etməsində maraqlı olmamamsıdır. Onun sözlərinə görə, bələdiyyələrin güc strukturu kimi formalaşması mövcud icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin azaldılması, daha mütərəqqi və demokratik idarəetmənin prinsiplərinin tətbiqinə gətirib çıxarır. Bu isə o deməkdir ki, hökumət siyasi islahatlara getməlidir. Lakin hakimiyyət özünün yerlərdəki əsas rıçaqları olan icra hakimiyyəti strukturunu dağıtmaq, onun səlahiyyətlərini bələdiyyələrə vermək niyyətində deyil.

 

Zöhrab ismayıl bələdiyyələrin maliyyə imkanlarının məhdud olmasının bir səbəbini mövcud qanunvericiliyin bu qurumların dövlət investisiya qoyuluşlarında iştirakına maneə yaratması ilə əlaqələndirir. Onun sözlərinə görə, hüquqi imkanlar, mövcud qanunvericilik və real imkanlar bələdiyyələrin investisiya layihələrinə cəlbi mexanizmlərinin formalaşdırılmasını çətinləşdirir: “Bələdiyyələrin yerli əhəmiyyətli investisiya layihələrində iştirakçılığını nəzərdə tutan qanunvericilikdə çoxlu ziddiyyətlər var. Məsələn, “istehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci maddəsində yaşayış məntəqələrinin ərazisinin məişət tullantılarından müntəzəm təmizlənməli olduğu göstərilir, amma bu səlahiyyətə məsuliyyətli struktur konkretləşdirilmir. Bundan başqa, Nazirlər Kabinetinin “Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda göstərilir ki, həmin fəaliyyəti həyata keçirən subyektlər yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları ilə müqavilə bağladıqdan sonra bu işləri görə bilər. Lakin “Bələdiyyələrin statusu haqqında” qanunda ərazinin abadlaşdırılması və məişət tullantılarından təmizlənməsi yerli özünüidarənin səlahiyyətlərindən biri kimi qeyd olunur”.

 

Zöhrab ismayılov deyir ki, hökumət yalnız 2005-2010-cu illərdə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri və büdcənin ehtiyat fondları çərçivəsində investisiya layihələrinin icrasına təxminən 12 milyard manat vəsait ayırıb. Həmin vəsaitlərin təxminən 7-8 faizi və ya 1-1,2 milyard manatı konkret bələdiyyə əraziləri ilə məhdudlaşan lokal problemlərin həllinə xərclənib. Amma bu vəsaitlərin hamısına yerli və mərkəzi icra hakimiyyəti orqanları sərəncam verib.

 

Yeri gəlmişkən, 1999-cu ildən fəaliyyət göstərən bələdiyyələrin əsas maliyyə mənbələri yerli vergi ödənişlərinin hesabına formalaşır. iqtisadi Təşəbbüslərə Yardım ictimai Birliyinin eksperti Samir əliyev bildirir ki, bələdiyyələr yerli vergilərin, xüsusən də əmlak vergisinin hesablanması zamanı bir sıra problemlərlə üzləşirlər. Onun sözlərinə görə, bu problemlərin həlli üçün bəzi tədbirlərin həyata keçirilməsi vacibdir: “Məsələn, “elektron bələdiyyə” idarəetmə sisteminin yaradılması, bələdiyyələr üçün büdcə və vergi menecerləri üzrə kadr hazırlığı kurslarının təşkil edilməlidir. Həmçinin bələdiyyələrin daim yeniləşən hüquqi-normativ sənədlərlə müntəzəm təmin edilməsi sisteminin qurulması olduqca vacibdir”.

 

Vergi verən...

 

Samir əliyev bildirir ki, bu sahədə əsas çətinliklərdən biri fiziki şəxslərin əmlaklarının çox aşağı qiymətlə vergiyə cəlb olunmasıdır. Bu isə nəticədə yerli büdcəyə daha az vəsaitin daxil olmasına gətirib çıxarır. Onun sözlərinə görə, fiziki şəxslərin əmlak vergisi əmlakın real bazar qiymətindən dəfələrlə aşağı olan inventar dəyəri ilə hesablanır. Bu isə bələdiyyələrin əsas gəlir mənbəyi olan əmlak vergisi üzrə yığımları azaldır və nəticədə onlara öz xərclərini ödəmək üçün kifayət qədər vəsait toplamağa mane olur. Bu səbəbdən mütəxəssislər fiziki şəxslərin əmlakının inventar dəyəri ilə deyil, real bazar qiyməti ilə vergiyə cəlb olunması fikrini dəstəkləyirlər. Bir çox inkişaf etmiş ölkələrdə əmlak vergisi məhz bu prinsiplə vergiyə cəlb olunur.

 

Xatırladaq ki, hazırda bələdiyyələr fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərini Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında hesablayırlar. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırılması əsasında müəyyənləşdirilir. Bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə vergi tutulur. Binaların inventar dəyəri qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyər çıxılmaqla, həqiqi dəyəri üzrə müəyyən edilir. Fərdi yaşayış və bağ evlərinin inventar dəyəri əmsallar və qüvvədə olan indeks (inflyasiya dərəcəsi) nəzərə alınmaqla hesablanır.

 

Samir əliyev yerli özünüidarəetmə orqanları iş və xidmətlərin qiymətlərinin artdığı şəraitdə əmlak və torpaq vergisi dərəcələrinin uyğunsuzluğunun aradan qaldırılmasını təklif edir. Onun fikrincə, bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmlərinin təkmilləşdirilməsinə və vergi intizamının gücləndirilməsinə, onların təsir mexanizmlərinin və müstəsna səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var: “Bələdiyyələrin ərazilərində mövcud olan vergi potensialının qiymətləndirilməsi və onun tam səfərbər olunması istiqamətində ciddi addımlar atılmalıdır. Xüsusən bələdiyyələr yeni əlavə vergilərin verilməsi əvəzinə əllərində olan vergi potensialını toplamaq istiqamətində fəaliyyətlərini genişləndirməlidirlər. Çünki hazırda bələdiyyələrin əlində kifayət qədər toplanmamış vəsait və vergi potensialı var”.

 

Ekspert bələdiyyələrin torpaq vergisinin yığımında da ciddi problemlərlə üzləşdiyini bildirir. Onun sözlərinə görə, bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması vergidən yayınma və digər hüquq pozuntularına qarşı mübarizə aparmağa mane olan əsas səbəblərdən biridir.

 

Gəlirlərin yarıdan çoxu özünəxidmətə xərclənir

 

Yeri gəlmişkən, 2011-ci ildə Azərbaycanda bələdiyyələrin illik büdcə gəlirləri 34 milyon 110,1 min manat, xərcləri isə 33 milyon 14,3 min təşkil edib. Bələdiyyələrin illik gəlirlərinin 13 milyon 74,3 min manatı, yaxud 38,3 faizi vergi daxilolmalarının, 20 milyon 138,9 min manatı (59,0 faizi) qeyri-vergilərin, 896,9 min manatı (2,6 faizi) isə digər gəlirlərin payına düşür.

 

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən il fiziki şəxslərdən torpaq vergisi üzrə ödənişlərdən bələdiyyələrin büdcəsinə 7 milyon 450,2 min manat daxil olub. Bu, bələdiyyələrə ümumi vergi ödənişlərinin 21,8 faizini təşkil edib. Həmin sırada ikinci yeri 12,7 faizlik payla fiziki şəxslərdən əmlak vergisi ( 4 milyon 339,2 min manat), üçüncü yeri isə 1,3 faizlə yerli əhəmiyyətli tikinti materialları üzrə əmlak vergisi (445,7 min manat) tutur. Maraqlıdır ki, ötən il bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi üzrə yerli özünüidarə qurumlarının büdcəsinə bir manat da belə, vəsait daxil olmayıb.

 

2011-ci ildə bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən, eləcə də icarəyə verilməsindən bu qurumların büdcəsinə 16 milyon 243,8 min manat daxil olub. Bu isə bələdiyyə büdcəsinə daxil olmuş qeyri-vergi gəlirlərinin 47,6 faizini təşkil edib.

 

Bələdiyyə büdcəsinin xərclərinin bölgüsünə gəlincə, bu sırada birinci yeri bu qurumların özünün saxlanmasına yönəldilən xərclər tutur. Ötən il Azərbaycanda yerli özünüidarə orqanlarının saxlanmasına 16 milyon 745,2 min manat xərclənib ki, bu da bələdiyyələrin illik xərclərinin 50,7 faizini təşkil edib. Bu sırada ikinci yerdə 27,5 faizlə mənzil-kommunal təsərrüfatı xərcləri (9 milyon 67,7 min manat), üçüncü yerdə 9,8 faizlə avtomobil yolları və avtomobil nəqliyyatı xərcləri (3 milyon 244,9 min manat) gəlir.

 

Azad iqtisadiyyata Yardım ictimai Birliyi bələdiyyələrin dövlət investisiya proqramlarında iştirakı ilə bağlı siyasət sənədi hazırlayıb.  Siyasət sənədi bələdiyyələrin dövlət investisiya layihələrində iştirakı ilə bağlı beynəlxalq təcrübəni, Azərbaycanda bu sahədə mövcud imkanları və mümkün variantları əhatə edir. Sənəd kitabça şəklində nəşr edilərək maraqlı tərəflərə, o cümlədən hökumət orqanlarına təqdim olunub.

 

Yerli özünüidarə orqanlarının dövlət investisiya qoyuluşlarında iştirakçılığı ilə bağlı hüquqi imkanlar, mövcud qanunvericilik və real imkanların geniş təhlil olunduğu sənəddə bələdiyyələrin investisiya layihələrinə cəlbi mexanizmlərinin formalaşdırılması yolları da əksini tapıb. Sənəddə bələdiyyələrin dövlətin yerli əhəmiyyətli investisiya layihələrində iştirakçılığı ilə bağlı mövcud qanunvericilikdəki ziddiyyətlər sadalanır. Siyasət sənədini hazırlayan ekspert qrupu bu nəticəyə gəliblər ki, bələdiyyələrin hökumətin investisiya layihələrində iştirakçılığının təmin olunması üçün qanunvericilikdəki ziddiyyətlər aradan qaldırılmalı və idarəetmə sistemi təkmilləşdirilməlidir. 

ŞƏRHLƏR