Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi rayonunun M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq bələdiyyəsinin üzvü Rauf əliyev Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin idarəetmə Komitəsinin iclasında iştirak ediblər.
Bu barədə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, idarəetmə Komitəsinin iclasında “Onlayn saxta xəbərlərin yeni trendləri və onların Avropa yerli demokratiyaya təsiri”, “Ağıllı şəhərlər və ağıllı regionlar”, “Regional gərginlikləri azaltmaq üçün dialoqların təşviq edilməsi”, “Avropa bələdiyyələrində və regionlarda müşavirə metodlarından istifadə olunması” və digər əməkdaşlıq məsələləri müzakirə edilib.
Tədbirdə, həmçinin Avropa şurasına üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən təmsil olunduqları ölkələrdə görülmüş işlər barədə məlumatlar təqdim olunub. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi rayonunun M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, Azərbaycanda “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident ilham əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Aparılan davamlı işlərin nəticəsi olaraq 2021-ci il aprelin 19-da dövlətimizin başçısı tərəfindən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalanıb.
Assosiasiya sədri çıxışında böyük Zəfərlə başa çatan ikinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərlərin və kəndlərin yenidən qurulması istiqamətində görülən çoxsaylı işlər barədə də məlumat verib. Deyib ki, Qarabağ ərazisində əsasən hər şey sıfırdan qurulmaqla başladığından nəticədə texnoloji qaydalara əməl edilən mükəmməl görünüş və infrastruktur ortaya çıxacaq. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrası əsasən yaşayış, istehsal, sosial xidmətlər, alternativ enerji, “ağıllı şəhər” təsərrüfatı və kənd təsərrüfatı kimi komponentlər üzrə aparılır. Bu siyasətin aparılmasında dövlətimizin və onun başçısının əsas məqsədi Azərbaycanda elektron xidmətlərdən istifadənin genişləndirilməsi, şəhərlərdə, qəsəbələrdə, kəndlərdə davamlı inkişafın təmin edilməsidir.
Daha sonra iclasda Azərbaycan heyətinin üzvləri müzakirələrdə iştirak ediblər.