"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədidə “Vergi Olimpiadası”na yekun vuruldu

--2017-07-01 / 19:28

Binəqədi Rayon icra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Vergi Olimpiadası” layihəsinin yekun mərhələsi keçirilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı bildirib.

Sədrin sözlərinə görə, tədbirdə Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RiH Aparatının şöbə müdiri Elman Dadaşov, Rayon Gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, Rayon bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və şagirdləri, fəal gənclər iştirak ediblər.

Müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirilib.

Tədbirdə çıxış edən Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva Binəqədi Rayon icra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Vergi Olimpiadası” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, “Vergi Olimpiadası”nın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Bu baxımdan layihədə bələdiyyələrin yaxından iştirakı təqdirəlayiqdır.

Sonra çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzulayıblar.

Müsabiqə qalibləri diplom, kubok və hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar. Tədbirə rayonun istedadlı gənclərinin ifasında musiqi nümunələri ilə yekun vurulub.

Belediyye.info

ŞƏRHLƏR