"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

E.Eyvazov: “Milli assosiasiyalar BAMS proqramının yerlərdə daha geniş şəkildə tətbiqinə nail olmalıdırlar”

--2017-04-28 / 12:33

“Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasında, habelə vergi və ödənişlərin uçotunun aparılmasında, tədiyyəçilərlə ünsiyyətin daha sivil formada qurulmasında,  şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən  istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramının xüsusi önəmi vardır.

Ötən ilin  oktyabrından istifadəyə verilən proqramın bələdiyyələr üçün mühüm əhəmiyyəti vardır. Bu proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcəklər və fəaliyyətlərində hiss edəcəklər”

Bu fikri  Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Suraxanı Rayonunda keçirilən ümumi yığıncağında Prezident Adminstrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə  Orqanları ilə iş şöbəsinin  bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib.

Onun sözlərinə görə, bu gün milli assosiasiyalar BAMS  proqramının yerlərdə daha geniş şəkildə təbliğiylə bağlı görüşlər keçirməyi nəzərdə tutmalı, proqramın geniş tətbiqinə nail olmalıdırlar.

Ötən ilin sonlarında assosiasiya əməkdaşları  səkkiz regionda belə zona müşavirələri keçirmişdilər.

Lakin  bu günkü müzakirələr göstərir ki,  bələdiyyələrin maarifləndirilməsi bundan sonra  davam etdirilməli, yerli kadr bazasının hazırlanması sistemli şəkildə davam etdirilmlidir.

Bununla yanaşı bələdiyyə sədrləri də öz növbələrində bələdiyyə üzvlərinin iştirakıyla sakinlərlə daim ünsiyyətdə olmaqla, vergi ödənişiylə bağlı əhali narahat edən məsələlərə aydınlıq gətirməlidirlər.

E.Eyvazov çıxışında   yerli vergi və ödənişlərin onlayn rejimində daha geniş formatda  həyata keçirilməsi imkanlarının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulmuşdur.

Belediyye.info

 

ŞƏRHLƏR