ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə “Debitor-kreditor borcların həlli” barədə tövsiyə göndərilib. Həddən artıq aktual və vacib bir məsələdir. Bir tərəfdən bələdiyyə büdcəsinə ödənilməli vergi və ödənişlər, o cümlədən icarə haqları üzrə ödəyicilərin xeyli miqdarda yığılıb qalan borcları var. Digər tərəfdən əksər bələdiyyələrin özlərinin əmək haqqı, sosial sığorta ödənişləri və s. üzrə kifayət qədər böyük məbləğdə borcları yaranıb. ədliyyə Nazirliyi tərəfindən də haqlı olaraq bələdiyyələrə tövsiyə olunur ki, alacaqlarını toplayıb yerli büdcəyə köçürülməsi üçün tədbirlər görsün və həmin vəsaiti yuxarıda qeyd etdiyimiz kreditor borclarının ödənilməsinə yönəldilsin. Başqa sözlə həm debitor, həm də kreditor borclarının həll olunmasını təmin etsin.
Tövsiyədə diqqətimizi çəkən məqamlardan biri ondan ibarət oldu ki, bələdiyyələrə debitor borcların yığılması üçün qanunvericiliklə müəyyənləşdirilmiş görülməli tədbirlər izah olunmaqla yanaşı, ictimai qınaq kimi təsirli vasitədən istifadə olunması üçün məlumatların ictimailəşdirilməsi tövsiyə olunur. Nazirliyin bu mövqeyini alqışlayaraq qeyd edirik ki, həqiqətən də bu çox effektli, təsirli bir vasitə ola bilər. Bələdiyyələr bu vasitədən mütləq geniş istifadə etməlidirlər. Qoy hamı bilsin ki, kimlər bələdiyyəyə borcludurlar, kimlər vergi, ödəniş, icarə haqqı və s. yerli büdcələrə ödəməkdən yayınırlar. Başqa sözlə bələdiyyə qulluqçularının aylarla əmək haqqı ala bilməmələrinin, sosial sığorta və s. üzrə borcların yaranmasının birbaşa səbəbkarlarıdırlar.
Digər diqqətimizi çəkən məqam isə odur ki, nazirlik bələdiyyələrə bir tövsiyə göndərməklə kifayətlənməyib, həm də hər bələdiyyə üzrə debitor-kreditor borclar barədə onların özlərindən məlumatları toplamağa başlayıb. Deməli həmin məlumatlar təhlil ediləcək, təsirli tədbirlər görüləcəkdir.