Bu günlərdə Yevlax şəhər bələdiyyəsinin altıaylıq hesabat yığıncağı keçirilib. Yığıncaqda bələdiyyə sədri Elmi Səfərəliyev sakinlər qarşısında geniş məzmunlu çıxış edərək, bələdiyyənin altıaylıq fəaliyyətinə toxunub. Maliyyə vəziyyəti, gəlir və xərclər barəsində yığıncaqda iştirakçıları məlumatlandıran bələdiyyə sədri “Bələdiyyə həyatı” qəzetinə eksklüziv açıqlamasında iclasda səslənən digər məsələlərə də aydınlıq gətirib.
E.Səfərəliyev öncə bildirib ki, fəaliyyətimizdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanun çərçivəsində müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə diqqətlə yanaşılır: “Bələdiyyəmizin fəaliyyətində əsas məsələ sosial-iqtisadi problemlərin həlli məsələsidir. Elə bu səbəbdəndir ki, bələdiyyə ərazisində əhali ilə mütəmadi olaraq görüşlər keçirir, ağsaqqallar və ziyalılarla ictimai dinləmələr təşkil edirik.”
Seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün bələdiyyə büdcəsinin formalaşmasına xüsusi diqqət yetirdiyini qeyd edən sədr 2015-ci ilin 6 ayı ərzində bələdiyyə üzrə ümumilikdə 16 iclas keçirildiyini və bu iclaslarda 23 qərar qəbul edildiyini qeyd edib.
Bələdiyyə büdcəsinin gəlirlərinə toxunan Elmi Səfərəliyev 2015-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə fiziki şəxslərin torpaq vergisindən 925 manat, əmlak vergisindən 5147 manat, əmlakın icarə haqqından 2031 manat, əmlakın özəlləşdirilməsindən 1938 manat, küçə reklamından 5469 manat, avtodayanacaqlardan 1003,0 manat, 11000 manat isə dövlət büdcəsindən ayrılan dotasiyadan daxil olmuşdur. Ümumilikdə büdcənin mədaxil hissəsi 27.513 manat təşkil edib.
“Bələdiyyə həyatı” qəzetinin müxbiriylə söhbətində sədr bələdiyyənin gördüyü işlərə də toxunub. Sədrin sözlərinə görə, 2015-ci ilin 6 ayı ərzində büdcəmizin məxaric hissəsi 27290 manat olub. Ümumilikdə şəhərdə aparılan abadlıq işlərinə 9.312 manat vəsait xərclənib.
“Bələdiyyə həyatı” qəzeti