"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elxan Zülfüqarov: “Bələdiyyə olaraq əlimizdən gələni edirik”

--2015-09-21 / 20:05

“Pirallahı bələdiyyəsi olaraq, demək olar ki, hər gün vətəndaşlarla görüşür, onların təkliflərini dinləyirik”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Pirallahı bələdiyyəsinin sədri Elxan Zülfüqarov deyib. Onun sözlərinə görə, rayonun Ağsaqqallar şurası ilə də mütəmadi görüşlər keçirilir. 

Bələdiyyə sədri qeyd edib ki, Pirallahı yeni yaradılmış bir rayondur və buna qədər ucqar ərazi olduğum üçün gözdən kənarda qalmışdı: “Lakin hazırda rayonda infrastruktur layihələri həyata keçirilir. Qəsəbəyə gələnlər inanmazlar ki, burada belə gözəl işlər görülüb, abadlaşdırılıb, yaşıllıqlar salınıb. Hər yanda durmadan quruculuq işləri gedib, demək olar ki, Pirallahı tikinti meydançasını xatırladır”.

E.Zülfüqarov deyib ki, əmlak və torpaq vergisinin toplanması ilə bağlı ilin əvvəlindən mütəmadi işlər görülüb: “Poçtda, eləcə də banklardan birində hesab açmışıq. əhali arasında aparılan maarifləndirmə işləri nəticəsində indi bu sahədə vəziyyət normaldır. Çünki əvvəllər əhalidən vergilərin toplanması ilə əlaqədar problemlər var idi, lakin biz bu problemlərin aradan qaldırılmasına, vətəndaşların könüllü vergiləri ödəməyinə nail ola bildik. Bələdiyyənin əldə etdiyi əsas maliyyə mənbəyi də əmlak və torbaq vergisidir. Çünki bizdə hazırda torpaq alqı-satqı yoxdur və şəhərsalma ilə əlaqədar olaraq bu mümkün deyil”.

Bələdiyyə sədri deyib ki, onların səmərəli fəaliyyəti üçün Pirallahı rayon icra Hakimiyyətinin başçısı Vasif imanov böyük dəstək olur. Onun sözlərinə görə, toplanan vergi ilə hansısa infrastruktur işlərini həyata keçirmək mümkün deyil: “Rayonda həyata keçirilən tədbirlərə bizləri də dəvət edirlər. O cümlədən biz də bələdiyyə olaraq əlimizdən gələni edirik. Onu deyim ki, aztəminatlı ailələrdən iki nəfər dünyasını dəyişmişdi və biz onların dəfn olunması üçün ailələrinə köməklik göstərdik. Eyni zamanda bir müharibə veteranına ehtiyacı olduğu üçün yardımçı olduq”. 

Bəxtiyar Məmmədli   

ŞƏRHLƏR