Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağındakı çıxışı zamanı yerli büdcənin həcminin xeyli azaldığını bildirib.
Qeyd edib ki, bələdiyyələr bunu bir sıra səbəblərlə əlaqələndirsə də, bu, birbaşa uçot işinin düzgün aparılmaması və vergi yığımı sahəsində məsuliyyətsizliklə bağlıdır. iyirmi ilə yaxın fəaliyyət göstərmələrinə baxmayaraq, bəzi bələdiyyələr uçot sistemini hələ də düzgün qura bilməyiblər. Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borcları ötən ilə nisbətən iki dəfə azalıb. Tezliklə bu problem öz həllini tapacaq. Lakin məqsəd yaranan borcu ödəmək deyil, borcun səbəblərini tapmaq olmalıdır. Bələdiyyə sədrləri məsuliyyətli olmalı, öz işlərində dönüş yaratmalıdırlar. “Hesab edirəm ki, vergi və ödənişlərin lazımi səviyyədə yığılmamasının əsas səbəbləri tədiyyəçilərin tam həcmdə uçota alınmamasıdır. əvvəllər tədiyyəçilərin uçota alınmasında, vergi və ödənişlərin düzgün hesablanması və tədiyyəçilərə bildirişin çatdırılmasıda, eyni zamanda, aidiyyəti statistik məlumatların operativ hazırlanmasında çətinliklər var idisə, hazırda bu çətinliklər Milli Assosiasiyaların dəstəyi nəticəsində bələdiyyələrin istifadəsinə verilən BAMS proqramı vasitəsilə aradan qaldırılıb”, – deyə E.Eyvazov qeyd edib.
Sektor müdiri qeyd edib ki, bələdiyyələrin problemlərinin aradan qaldırılması aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Dövlətimiz bələdiyyələri diqqətdə saxlayır.
Belediyye.info