Azərbaycanda evlərin alqı-satqısı və daşınmaz əmlakla digər əməliyyatlarda mühüm yenilik baş verib. Fins.az-ın məlumatına görə, bundan sonra evlərin alqı-satqısı zamanı həmin evdə yaşayanlar barədə məlumatı əks etdirən arayışa – Forma-2-yə ehtiyac olmayacaq. Bu “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da eilən dəyişiklikdə nəzərdə tutulur.
Təlimata edilən dəyişikliyə əsasən əmlakla əməliyyatların rəsmiləşdirilməsi zamanı notarius indiyədək olduğu kimi evdə yaşayanlar barədə arayış tələb etməyəcək. Bunun yerinə notarius müvafiq informasiya sistemlərindən bu barədə məlumatı özü əldə edəcək.
Belə ki, təlimatın 49-cu hissənin birinci abzasında “arayış tələb edir və daimi” sözləri “məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda” sözləri ilə əvəz edilib. Təlimatın 71-ci hissəsinin ikinci abzasında isə “arayış tələb edir və” sözləri “məlumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq” sözləri ilə əvəz edilib. Daha dəqiq desək, evdə yaşayanların sayı ilə bağlı arayışlar onlayn veriləcək.
Xatırladaq ki, adı çəkilən arayış indiyədək Mənzil istismar Sahələri (JEK-lər) tərəfindən verilirdi. Bu dəyişikliklərən sonra isə JEK-lərə getməyə ehtiyac qalmayacaq. Belə ki, təlimatın 102-ci hissənin üçüncü abzasında “mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış” sözləri “müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat” sözləri ilə əvəz edilib.
Xatırladaq ki, ev alqı-satqısı, onların girov qoyulması və digər əməliyyatlar zamanı JEK-lərdən arayışların alınması bu prosesə ciddi maneələr yaradırdı. Notariuslar və əmlak sahibləri etiraf edir ki, bəzən bu arayışı almaq və onunla bağlı təşkilati məsələlər, eləcə də JEK nümaynədələrinin bu vəziyyətdən sui-istifadə cəhdləri uzun müddət vaxt aparır, bəzin isə hətta alqı-satqının pozulması ilə nəticələnirdi. Bəzi hallarda isə JEK-lər bu arayışı yalnız evin kommunal və ya vergi borcları ödənildiyi halda verirdilər. (indiyədək mövcud olan qaydaların yaratdığı problemlərlə ətraflı buradan tanış ola bilərsiniz). indi isə JEK-lərə getməyə ehtiyac qalmayacaq, başqa sözlə, JEK-lər mənzillərin alqı-satqısı prosesindən tamamilə kənarlaşdırılıb.
«Mən evli deyiləm»
Hazırda gözlənilən əsas dəyişikliklərdən biri notarist kontorları ilə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyat sisteminin onlayn şəkildə birləşdirilməsi olacaq. Məsələ bundadır ki, son vaxtlar ailəli şəxslərin özlərini subay kimi qələmə verərək alqı-satqı etmələri halları artıb. Qanuna görə, ailəli şəxslər birgə əmlakı satanda və ya girov qoyanda ailənin digər üzvününün – həyat yoldaşının icazəsi tələb olunur. Bəzi şəxslər bu qaydadan yayınmaq üçün hətta evləndikdən sonra da şəxsiyət vəsiqələrində evlilik vəziyyəti barədə məlumatda «subay» sözünü dəyişdirmirlər. Nəticədə notariat kontorunda vətəndaşı subay qəbul edərək əməliyyata icazə verilir. Bəzən bu alqı-satqılar və mənzillərin girov qoyulması sonradan çoxlu sayda mənfi hallara, hətta məhkəmələrə səbəb olur. Belə halların qarşısını almaq üçün notariuslar VVAQ şöbələri ilə əlaqələndiriləcək. Nəticədə vətəndaşın evli olub olmadığını onlayn öyrənmək mümkün olacaq.
Forma-1-in uğurlu təcrübəsindən istifadə olundu
Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakla əməliyyatlar zamanı onlayn arayışlardan artıq istifadə edilir. 2014-cü ildən etibarən əmlak Məsələləri Dövlət Komitəsinin yeni onlayn xidmət istifadəyə verib və bu xidmət nəticəsində əmlakın hüquqi vəziyyəti (yəni girovda və ya həbsdə olub olmaması) barədə arayışlar (Forma-1) onlayn qaydada təqdim olunur. Belə ki, alqı-satqı həyat keçirən tərəflər notariat kontoruna gəldikdə, notariuslar onlayn rejimdə əmlakın vəziyyətini öyrənir, heç bir problem yoxdursa, alqı-satqını rəsmiləşdirirlər. Bu yenilik qısa müddət ərzində əmlakla əməliyyatları qat-qat asanlaşdırıb, indiyədək bir neçə gün davam edən bu proses cəmi 10-15 dəqiqə davam edir. indi isə bu sahədəki uğurlu təcrübə forma-2 arayışlarında da tətbiq olunub.
http://fins.az/emlak/892891/Ev_alqi_satqisinda_yeni_qayda___DAYISIKLIK.html