"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fariz Xəlilli: “Mövcud qanunvericilik bələdiyyələrə yetərincə səlahiyyətlər verib. Amma... ”

--2023-02-14 / 06:22

“Bizim müsahib” rubrikasında növbəti yazını oxucuların müzakirəsinə təqdim edirəm. Bu dəfə suallarımızı Ağsu rayonu Gəgəli kənd bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli cavablandırır.

Bələdiyyə sədrinə ünvanladığımız suallara tez bir zaman kəsiyində cavab verməsi, bələdiyyə sədrinin həm də bu sisteminin inkişafına maraqlı olmasıyla bağlıdır.

Rəhbərlik etdiyiniz bələdiyyənin qarşılaşdığı problemlərin həllini necə görürsünüz?

-Ağsu rayonu Gəgəli bələdiyyəsi əksər problemləri həll edərək bələdiyyənin nüfuzunu nəinki Gəgəli kəndində, eləcə də respublikamızda qaldırıb. Belə ki, hazırda heç bir dövlət qurumuna və özəl müəssisələrə, sahibkarlara borcumuz yoxdur. 2020-2023-cü illərdə gəlirlə işləmişik və bütün layihələri vaxtında həyata keçirməyə çalışmışıq. Bununla belə, sahibkarların ödənişləri vaxtında etməməsi, icarə haqlarının bazar qiymətinə uyğunlaşdırılmasına inzibati maneələr, məcburetmə halları, keçmiş bələdiyyə sədrlərinin müdaxilələri, bir çox hallarda güc strukturlarının bələdiyyə sədrinə təhdidləri, yerli sakinləri yanlış məlumatlandırma və yönləndirmə və s. problemlərlə qarşılaşmışıq. Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisin sədrinə, Ali Məhkəməyə, ədliyyə Nazirliyinə və digər strukturlara açıq məktub ünvanlamışam. Düşünürəm ki, dövlətimiz maneələrin aradan qaldırılmasının və bələdiyyələrin konstitusiya haqlarının təmin olunmasının ölkəmizin inkişafına və islahatların sürətlənməsinə təsirini düzgün qiymətləndirir.

Bələdiyyədə vergi-uçot sistemi necə qurulub, sistemdə vergi ödəyiciləri tam əhatə olunubmu?

-Gəgəli bələdiyyəsi vergi-uçot sistemi üçün Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemindən istifadə edir. Bildirişlər çap edilir, imzalanır və Azərpoçt MMC-yə təhvil verilir. Onlar kağız bildirişləri sakinlərə çatdırırlar. Yerli sakinlər öz vergi və digər borclarını onlayn, terminal və Azərpoçt MMC vasitəsilə ödəyirlər. Gəgəli bələdiyyəsi işçiləri heç bir halda vergi toplamır və nəğd əməliyyat etmirlər. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində kəndin əksər sakinləri və vergi ödəyiciləri əhatə olunub, yeni vergi ödəyiciləri ortaya çıxdıqca sistemə daxil edirik.

Qəbul edilən qanunlara hansı əlavələrin edilməsini təklif edərdiniz?

-Mövcud qanunvericilik bələdiyyələrə yetərincə səlahiyyətlər verib. Bu səlahiyyətlərin məmurlar tərəfindən müdaxilə və maneə şəklində məhdudlaşdırması olmasa bu qanunlarla bizim gördüyümüz kimi çox iş görmək mümkündür. Mən istərdim ki, yaylaqlar icmaların öz torpaq fonduna qaytarılsın, bununla əlaqədar qanunlarda tənzimləmələr olsun. Habelə, hüquqi şəxslərin torpaq vergilərinin dövlət büdcəsinə ödənilməsi kimi haqsız vəziyyət aradan qaldırılsın. Hüquqi şəxslərin istifadə etdiyi pay torpaqları Gəgəli icmasının torpaqlarıdır və onların vergisinin dövlət büdcəsinə ödənilməsi haqqında qanuna əlavələr anlaşılmazdır. Gəgəli bələdiyyəsi hüquqi şəxslərin torpaq vergilərinin bələdiyyəyə qaytarılmasından sonra dövlət büdcəsindən dotasiya alınmasından imtina etməyə hazırdır. Gəgəli bələdiyyəsi kreditlər götürmək üçün dəfələrlə müraciət eləsə də banklar bunu riskli görürlər və bələdiyyə layihələrini maliyyələşdirmirlər. Hansı ki, bələdiyyə müəssisələrinə münasibətdə də eyni yanaşmanı tətbiq edirlər. Bu sahədə də bələdiyyələrə qanunla müəyyən edilən haqlar verilməlidir.

Sizə müraciət edən vətəndaşın daha çox hansı probleminin həllinə nail ola bilirsiniz?

Vətəndaşların müraciətləri əsasən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində dəqiqləşdirmələrin aparılması, payçılararası yolların - servitutların şumlanmasının qarşısının alınması, sosial yardımların edilməsi, məşğulluğun təmin edilməsi, su mənbələrinin artırılması, şoran torpaqların bələdiyyə ehtiyat fondu torpaqları hesabına əvəzlənməsi, kəndarası yolların təmiri, örüş sahələrinin zəbtdən azad edilməsi, həyətyanı sahələrin verilməsi və s. kimi müraciətlər var. Bələdiyyə öz səlahiyyətləri çərçivəsində bütün müraciətləri cavablandırır və problemi həll etməyə çalışır. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində mütəmadi olaraq dəqiqləşdirmələr aparılır. Kənddə payçılararası yollar - servitutların şumlanmasının qarşısı alınıb, yolun hər iki tərəfinə arxlar çəkilib və vətəndaşlara tanıdılıb. Ağır xəstəliyi olan sakinlərə, yaşayış evində problemi olanlara, şəhid ailələri və qazilərə sosial yardımlar edilir. Bələdiyyə müəssisələrində kənd sakinləri işə cəlb edilir və bələdiyyə məşğulluğun təmin edilməsində addımlar atır. Təhməzli və Birinci məhəllə su nohurları təmir olunub, şıxəlibəyli və Ömər Lahıci arxları təmizlənib. şoran torpaqların bələdiyyə ehtiyat fondu torpaqları hesabına əvəzlənməsi üçün məhkəməyə müraciətlərin edilməsi məqsədilə kənd sakinlərinə hüquqi yardım göstərilib. 6 km yol qreyder texnikası ilə hamarlanıb, 120 tatra maşınla çınqıl daşınıb, yolların təmirinə istifadə edilib. Örüş sahələrinin zəbtdən azad edilməsi üçün yerli sakinlərlə maarifləndirmə işləri aparılıb. Bələdiyyə həyətyanı sahələrin verilməsi üçün yeni yaşayış massivini layihələndirir.

Bələdiyyənizin əgər DSMF-yə və digər orqanlara olan borcu varsa, onun silinməsi üçün hansı addımların atılmasına qərar vermisiniz?

-Bələdiyyəmizin heç bir dövlət qurumuna borcu yoxdur. Bələdiyyə Azərbaycan Ordusu və Qarabağ Dirçəliş Fonduna aylıq maddi yardımlar edir.

Belediyye.info

ŞƏRHLƏR