"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

G.islamov: “icra başçısı olaraq bələdiyyələrin fəaliyyəti məni qane edir”

--2017-07-18 / 11:39

Belediyye.info bir sıra  rayon icra hakimiyyəti başçılarına rayon bələdiyyələrinin fəaliyyətləri,  o cümlədən icra strukturları-bələdiyyə münasibətlərinə dair suallar ünvanlayıb.

Belediyye.infonun suallarını  bu dəfə  Xəzər  Rayon icra Hakmiyyətinin başçısı Gülağa islamov cavablandırıb.

Xatırladaq ki, Gülağa islamov  25 yanvar 1995-ci il tarixdən Bakı şəhəri Xəzər rayon icra Hakimiyyətinin başçısıdır.

Müsahibədə icra başçısı bəzi problemlərə toxunub, öz təklif və tövsiyələrini verib.

Müsahibəni oxucuların diqqətinə çatdırırq:

-      icra başçısı olaraq rəhbərlik etdiyiniz rayonda formalaşan hansı bələdiyyənin fəaliyyəti Sizi qane edir?

-      Deyərdim ki, rayonda formalaşan bütün bələdiyyələrin fəaliyyəti icra başçısı olaraq məni qane edir.

-      icra  strukturlarıyla  bələdiyyə  münasibətləri Sizin rəhbəri olduğunuz rayonda  hansı formada tənzimlənir? Ümumiyyətlə bu əlaqələr necə qurulub?

-        Rayon ərazisində «Bələdiyyələrlə əlaqələndirmə şurası» yaradılıb və həmin şuraya Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Huseynov rəhbərlik edir. şura vaxtaşırı icra  Hakimiyyəti ilə birgə iclaslar keçirir və rayon  ərazisində olan problemlər müzakirə edilərək,  lazımi tədbirlər görülür.

-       Xəzər bələdiyyələrinin hansı uğurları və problemləri var?  icra başçısı  olaraq  mövcud problemləri aradan qaldırmaq üçün  hansı addımları atmaq niyyətindəsiniz?

-        Xəzər rayonunda 8 bələdiyyə formalaşdırılıb. Bələdiyyələr qəsəbələrdə məişət tullantılarının təmizlənməsi, ekoloji problemlərin həllində və abadlıq-quruculuq işlərində fəal iştirak edirlər. Bu gün RiH-nin və bələdiyyəllərin birgə  səyinin  nəticəsidir ki, rayonumuzun siması tam dəyişmiş və hazırda qəsəbələrdə abadlıq-quruculuq  işləri  yüksək səviyyədə davam etdirilir.

Nəzərinizə çatdırırıq ki, bələdiyyələr tərəfindən  vergi  yığılmasında yaranan problemlər mövcuddur və bu xüsusilə fərdi yaşayış evlərinin əksəriyyətinin mülkiyyəti barədə  çıxarışlarının olmaması ilə bağlıdır.

-        Fikrinizcə Xəzər rayon bələdiyyələrinə hansı əlavə maliyyə istiqaməti və səlahiyyəti vermək olar?

-        Bu barədə bələdiyyələrə tövsiyyələr verilmişdir. Belə ki, onlar ərazilərində avtomobil dayanacaqları  təşkil etməklə, həmçinin ərazilərində ayrı-ayrı  şirkət və təşkilatların reklam  lövhələrinin yerləşdirilməsini cəlb etməklə, eləcə də ərazilərində kiçik  obyektlərin  tikilib  icarəyə verilməsində əlavə gəlir əldə edə bilərlər.

Bundan başqa  ərazilərində bələdiyyə balansında  məktəb, bağça, tibb məntəqəsi tikməklə də əlavə gəlir əldə edə bilərlər.

-         Xəzər və Abşeron bələdiyyələri arasında mövcud olan torpaq mübahisələri həllini necə tapıb?

-       Verilən məlumatlara əsasən hazırda Milli Məclisdə qəsəbələrin ərazilərinin xəritəsi hazırlanaraq,  təsdiq olunma  ərəfəsindədir.

-        icra başçısı olaraq  Azərbaycan bələdiyyə sisteminin  inkişafı üçün hansı təklif  və tövsiyyələri  verərdiniz?

-       Bələdiyyə ərazisində olan fərdi yaşayış evlərinin və obyektlərin mülkiyyət formasından asılı olmayaraq vergilərə cəlb edilməsini sürətləndiriliməsi vacib sayıram.

 Belediyye.info

 

 

ŞƏRHLƏR