"Yerli Demokratiya Həftəsi" çərçivəsində Mingəçevir Bələdiyyəsi Tibb Kollecinin tələbələri ilə «Gənclərin yerli özünüidarənin həyata keçirilməsi hüququndan səmərəli istifadəsi» mövzusunda «Dəyirmi Masa» keçirildi. Bələdiyyə üzvləri Zahid Qasımlı və Sahib Hüseynov yerli özünüidarənin həyata keçirilməsində vətəndaşların iştirakının formaları (bələdiyyə orqanlarına, vəzifəli şəxslərinə müraciətlər etmək, məhəllə komitələri, assosiasiyalar, xeyriyyə təşkilatları və s. yaratmaq) barədə ətraflı məlumat verdilər.
Tibb Kollecinin Təcrübə rəhbəri Azər Quliyev kollecdə fəaliyyət göstərən tələbə özünüidarəetmə təşkilatının fəaliyyətindən danışdı.
Çıxışlarda gənclərin seçib-seçilmək, bələdiyyənin işində yaxından iştirak etmək, tədbirlərdə birgə fəaliyyət göstərmək hüquqlarından səmərəli istifadə etmələrinin onların gələcək iş fəaliyyətləri üçün vacib olduğu vurğulandı.
Sonda tələbələr «Mən bələdiyyə üzvü olsaydım, ilk növbədə, hansı problemə diqqət verərdim?» sualına cavab verməklə, yaşadıqları ərazilərdəki yerli problemləri saydılar və çıxış yollarını göstərməyə çalışdılar.
Kollecin direktoru Fikrət Zeynalov belə görüşlərin gənclərin hüquqi maariflənməsinə, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafına dəstək olduğunu bildirdi.
Belediyye.info
|
|
|
|