"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hansı xalq belə bir vəziyyətlə barışa bilər?` - Polad Bülbüloğlu-ViDEO

--2016-04-03 / 00:58

Bu münaqişəni bitirmənin vaxtı çoxdan çatıb. Azərbaycan Prezidenti ilham əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır, lakin münaqişə həll olunmazsa, torpaqlarımızı azad etmək üçün güc tətbiq edəcəyik.

 

Bunu Rusiyanın “Dojd” telekanalına müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu qeyd edən diplomat deyib: “Hansı ölkə, hansı xalq belə bir vəziyyətlə barışa bilər? Münaqişəni nizamlamaq üçün ilkin səbəb aradan qaldırılmalıdır. ilkin səbəb isə Ermənistan Respublikasının Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini işğal etməsidir”.

P.Bülbüloğlu xatırladıb ki, BMT Təhlükəsizlik şurasının 4 qətnaməsində və digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycan torpaqlarının işğalının dayandırılması tələb olunur. Səfir deyib: “Söhbət Dağlıq Qarabağın özündən deyil, onun ətrafındakı yeddi rayondan gedir. Həqiqətin gözlərinə dik baxmaq gərəkdir. Azərbaycan çoxdan bu yeddi rayonun azad olunmasını və Dağlıq Qarabağın gələcəyi barədə sülh danışıqlarına başlamağı təklif edir. Heç kim orada yaşayan erməniləri qovmaq barədə düşünmür. Amma orada azərbaycanlılar da yaşayıb. Mən özüm də əslən Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz yaşayış yerlərinə qayıtsınlar. Hər iki icma ümumi dil tapmalı və birgə yaşamağı öyrənməlidir. Lakin sonuncu erməni əsgəri Azərbaycan ərazisini tərk etməyənədək hazırkı vəziyyət dəyişməz olaraq qalacaq”.

Səfir bildirib ki, Azərbaycanda dəfələrlə və müxtəlif səviyyələrdə bu haqda danışılıb: “Lakin bizi eşitmirlər. Bir halda ki eşitmirlər, bugünkünə oxşar hadisələr baş verir. Münaqişəni həll etmək lazımdır. Narahatlıq ifadə etmək yaxşıdır. Biz bu cür qayğıya qalmanı yüksək qiymətləndiririk, amma münaqişə həll edilməlidir”.

P.Bülbüloğlu vurğulayıb ki, ATəT-in Minsk qrupu “yaranmış vəziyyətdən real çıxış yolları təklif etmir”. O, qeyd edib ki, bu gün Azərbaycanın münaqişənin nizamlanması üçün gücü və imkanları var. “əgər münaqişə sülh yolu ilə nizamlanmayacaqsa, hərbi yoldan istifadə edəcəyik. Müharibənin olmaması üçün Ermənistana müvafiq təzyiq göstərilməlidir ki, öz ordusunu Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsın və Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışı məsələsi danışıqlar yolu ilə həll edilsin”, - deyə səfir qeyd edib. (Azərtac)

 

ŞƏRHLƏR