“Cari ildə Lerik bələdiyyəsi tərəfindən 5 iclas keçirilib. əsasən iclaslarda torpaq vergisi və bələdiyyəyə texnikanın alınması üçün tədbirlər planı hazırlanıb”. Bu fikirləri Belediyye.info saytına açıqlamasında Lerik bələdiyyəsinin sədri Hüseyn şahıyev deyib. Onun sözlərinə görə, bələdiyyə tərəfindən qəbul edilən qərarlar ədliyyə Nazirliyinin Lənkəran regional şöbəsinə göndərilir və qəbul edilən qərarlarımızda hər hansı düzəlişlər edilməyib: “Bizdə Hərrac Komissiyası var idi, lakin Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və eləcə də bu qurumun yerli şöbəsi ləğv ediləndən sonra bu komissiyanın aqibəti bilinmir. Hələki bu məsələ ilə bağlı dəqiq məlumatımız yoxdur. Qeyd edim ki, Hərrac Komissiyasının 5 nəfərdən ibarət üzvü də vardı və yerli torpaq şöbəsinin müdiri də sədr idi. Bir gün əvvəl hazırlıq işləri aparılırdı və ikinci gün hərrac keçirilirdi.”
Bələdiyyə sədri əmlak və torpaq vergisinin toplanılması məsələsinə toxunaraq qeyd edib ki, artıq bildirişlər hazırlanıb və əhaliyə paylanılır: “Bu məsələdə yerli poçt şöbəsi də bizə yaxından köməklik göstərir. Ümumi götürsək, torpaq və əmlak vergisinin yığımı zəifdir. Bu ilin yanvarın birindən yeni qaydalar tətbiq edilir və çox az adam poçt vasitəsilə ödəmə edib”.
H.şahıyev qeyd edib ki, icra hakimiyyəti bələdiyyənin fəaliyyətinə hər hansı maneçilik törətmir. Onun sözlərinə görə, iclasların keçirilməsində və digər işlərdə icra hakimiyyəti bələdiyyəyə köməklik göstərir.
Bələdiyyə sədri onu da qeyd edib ki, bələdiyyə əməkdaşlarının maaşlarının ödənişində gecikmələr var: “Büdcəmizdə pul olmadığı üçün bizdə gecikmə çoxdur. Gecikmə elə mənim əmək haqqımda da var”
Bəxtiyar Məmmədli