“Bələdiyyəyə üzv seçilmisinizsə, zəhmət çəkib bələdiyyənin də tədbirlərində aktiv iştirak etməlisiniz”
Oktyabrın 11-də Sumqayıtda Hüseyn ərəblinski adına Dövlət Dram Teatrının konfrans zalında Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.
Konfransda Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov maraqlı açıqlama ilə çıxış edib.
Kamran Bayramov bildirib ki, artıq on birinci ildir ölkəmizdə “Yerli demokratiya həftəsi” keçirilir. Bu sahədə bələdiyyələr tərəfindən zəngin təcrübə toplanılıb. Bələdiyyələrə gondərilən tövsiyə məktubundan da hiss olunur ki, cari ildə keçiriləcək həftə ərzində ciddi layihələrin icrası nəzərdə tutulur:
“Sevindirici haldır ki, bələdiyyə sədrləri çıxışlarında həyata keçirdikləri layihələr barəsində məlumat verdilər. Lakin hər dəfə belə tədbirlərə dəvət alanda bu tədbirlərə böyük ümidlərlə gəlsək də, çox təəssüf ki, ümidsiz tərk edirik.”
Bələdiyyələrin qarşılaşdığı problemlərə toxunan Milli Məclisin üzvü K.Bayramov bildirib ki, bugün bələdiyyələrin qarşılaşdığı problemlərdən biri də onların fəaliyyətlərinin təbliği ilə bağlıdır:
“Bu gün sosial şəbəkədən istifadə edərək gündəlik olaraq müəyyən məlumatları əldə edirəm, lakin deməliyəm ki, 1607 bələdiyyənin çox az bir qismi sosial şəbəkədən istifadə etdiyinin şahidi oluram.
Bu gün Qaraçuxur, Bakıxanov və Binəqədi bələdiyyələrinin daim sosial şəbəkəni izlədiklərini görmək olar.
Böyük işlər görürsünüzsə, təbii ki, bu barədə sakinləri də məlumatlandırmaq lazımdır. Belə düşünmək olar ki, bu həftəni çıxmaq şərtiylə sakinlərlə görüşlər keçirmirsiniz, əgər keçirirsinizsə nədən media və sosial şəbəkə vasitəsiylə fəaliyyətinizi təbliğ etmirsiniz?
işi görürsünüz, amma heç kimin bundan xəbəri yoxdur.
Bundan başqa bələdiyyənin sədrindən başqa, bələdiyyə üzvləri var, mən şübhə edirəm ki, üzvləri bələdiyyənin tədbirlərinə qatılırlar.
Bələdiyyəyə üzv seçilmisinizsə zəhmət çəkib bələdiyyənin tədbirlərində aktiv iştirak etməlisiniz.
Gələn ilin seçki ili olduğunu nəzərə alsaq, hər bir bələdiyyə seçicinin qarşısına konkret işlə çıxmalıdır. Sakinlərlə təmasları intensivləşdirmək lazımdır ki, seçkiyə gedəndə nə isə deməyə sözünüz olsun.
Sonda K.Bayramov bələdiyyə sədrlərinə daha bir iradını da bildirməyi unutmayıb:
“Hər dəfə belə tədbirlərə gələndə yalnız Nəsimi, Yasamal və Binəqədi bələdiyyə sədrlərindən başqa heç kim nə təkliflə, nə də təşəbbüslə çıxış edir.”
Belediyye.info