Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov Belediyye.infoya ünvanladığı açıqlamada bildirib ki, seçkilərdən sonra formalaşan bələdiyyə üzvlərinin ilk iclasları keçirilir. iclasda bələdiyyələrdə təşkilatı məsələyə baxılmaqla bələdiyyə sədrləri, sədr müavinləri və komissiya üzvləri seçilir. Yeni seçilən sədrlərin müəyyən təcrübəsizliyini nəzərə alaraq tərəfimizdən bütün bələdiyyələrin elektron poçt ünvanlarına Azərbaycan Respublikasının əmək Məcəlləsinin 63-cü maddəsinin tələbləri ilə bağlı məktublar göndərilmişdir. əvvəlcədən qanunvericiliyin tələbləri aidiyyatı şəxslərin nəzərlərinə çatdırılmasına baxmayaraq bizə daxil olan məlumatlara əsasən yeni seçilmiş bəzi sədrlər bələdiyyədə çalışan bütün işçilərindən işdən azad edilmə ilə bağlı ərizələrini alıblar.
Qeyd edilənləri nəzərə alaraq bir daha bildiririk ki, müəssənin mülkiyətçisi (bələdiyyə sədri) dəyişdikdə bütün işçilərlə deyil, yalnız müəssənin işəgötürəni, onun müavinləri, baş mühasib və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrinin rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə xitam verə və ya Azərbaycan Respublikasının əmək Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Qeyd edilən kateqoriyadan olan şəxslərlə əmək müqaviləsini ləğv etmək yeni rəhbərin vəzifəsi deyil, hüququdur. Xüsusi ilə qeyd edək ki, yeni rəhbər (sədr) bu hüquqdan istifadə etməyə də bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi daim önəm verdiyi məsələlərdən olan işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələrin daha da genişləndirilməsi olduğunu prioritet hesab edərək bu kimi halların (kütləvi şəkildə ərizələrin alınması) dövlət siyasəti ilə uyğunlaşmadığı aydın görünür. işəgörürənləri (bələdiyyə sədrlərini) bir daha əmək Məcəlləsinin 63-cü maddəsinin tələblərinə riayət etməyə dəvər edirik. Hər bir işəgötürənin məqsədi sosial sahədə dövlət siyasətini dəstəkləməklə işsiz əhalinin sayını azaltmaq və işçilərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir.
Sonda M.Kərimov bildirib ki, bir daha bələdiyyə qulluqçularına tövsiyyə edirik ki, qeyri-qanuni və əsassız işdən azadolma ilə rastlaşarlarsa pozulmuş əmək hüquqlarının müdafiəsi üçün Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqına müraciət etsinlər.
Belediyye.info