"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mahir Quliyev: “Bələdiyyə ərazisində 4,5 km-lik su xətti inşa olunur”

--2015-08-27 / 23:55

“Son vaxtlarda bələdiyyə tərəfindən 57 min manat dəyərində içməli su xətti çəkilib və eyni zamanda bulaqlar tikilib”. Bu sözləri Belediyye.info saytına Qazax rayonunun Daş Salahlı bələdiyyəsinin sədri Mahir Quliyev deyib. Onun sözlərinə görə, hazırda bələdiyyə ərazisində 4,5 km-lik məişət su xətti inşa olunur: “Bu əsasən kəndin məişət suyuna ehtiyacı olan yerləri üçün nəzərdə tutulub.  Sonuncu layihəni bələdiyyə Kənd investisiya Layihəsi çərçivəsində həyata keçirir. Eyni zamanda kəndin ərazisində olan şəhidlər Xiyabanının ərazisində abadlıq işləri həyata keçirilib, yol çəkilib və eləcə də yaşıllaşdırma işləri həyata keçirilib və ağaclar əkilib.

O cümlədən Yaponiya səfirliyinin dəstəyi ilə Daş Salahlı kəndində tibb məntəqəsi tikilir. Demək olar ki, son tamamlanma işləri gedir. Qeyd edim ki, bu tibb məntəqəsi müasir avadanlıqlarla təchiz olunacaq”.

M.Quliyev bildirib ki, yeni qaydalar əsasında əmlak və torpaq vergisi ilə bağlı əhaliyə bildirişlər paylanılıb: “Amma çətinliyimiz də az deyil. Beləki, əhali vergiləri könüllü şəkildə ödəməkdə maraqlı deyil. Bununla əlaqədar olaraq, əhatəli şəkildə vətəndaşlar arasında maarifləndirmə işləri aparırıq. Hətta kənd əhalisi ilə fərdi söhbətlərimiz olur. Hərdən olur ki, insanlar bu qaydaları başa düşməkdə çətinlik çəkir və biz onlara mövcud qərarda göstərilən hər bir məsələni izah edirik”.

Bələdiyyə sədri deyib ki, Daş Salahlı bələdiyyəsi Qazax rayonunda bəlkə də yeganə özünüidarəetmə orqanıdır ki, heç hara bir qəpik borcu yoxdur: “Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər vaxtlı-vaxtında həyata keçirilib. Bir təşkilata borcumuz yoxdur. Eyni zamanda bələdiyyə əməkdaşlarının əmək haqları tam olaraq ödənir və heç bir gecikmələr olmur”.

M.Quliyev deyib ki, icra hakimiyyəti ilə Daş Salahlı bələdiyyəsi arasında çox yaxşı əməkdaşlıq var. Onun sözlərinə görə, lazımi köməkliklər göstərilir: “Biz icra hakimiyyəti orqanları ilə sivil şəkildə sıx əməkdaşlıq edirik”.  

Bəxtiyar Məmmədli

ŞƏRHLƏR