“Hazırda əsas məqsədimiz sakinlərimizi vergi ödənişinə cəlb etməkdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.
Sədrin sözlərinə görə, bir çox hallarda sakinlər vergi ödəməyə maraqlı görsənmirlər: “Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla mütəmadi olaraq səyyar görüşlər keçirir, onlara qanunların izahatı verilir.
Sonuncu belə görüşdə bildiriş paylanılan sakinlərin son ödəniş tarixinin 15 noyabr olduğu açıqlanıb. Bununla yanaşı ödəniş ləngidildiyi halda qanunla hər bir vergi ödəyicisinə əlavə olaraq peniya hesablanacağı qeyd edilib.”
Açıqlamasında sədr daha sonra bildirib ki, qəsəbədə mövcud olan mənzillərin 70 faizinədək hissəsində hüquqi statusu bildirən sənəd yoxdur. Məhz bu səbəbdən də bələdiyyə onları vergiyə cəlb edə bilmir.
Məhz bu söhbətlərin və görüşlərin nəticəsidir ki, hazırda bələdiyyənin büdcə gəlirlərində qismən artım hiss edilir.
Artıq bələdiyyə iclasında növbəti ilin büdcəsi müzakirə edilmiş və üzvlərimizin hər biri öz təklif və tövsiyələrini vermişlər. Noyabr ayında keçiriləcək iclasda büdcəni təsdiq edəcəyik.
“Ancaq bələdiyyənin bu günkü fəaliyyəti bizi qane etmir”- sözünə davam edən M.əliyev daha sonra bildirib ki, biz qəsəbədə Xəzər RiH-in təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bütün layihələrdə yaxından iştirak edirik. Ancaq ciddi və iri həcmli layihələrin icrası maliyyə vəsaiti tələb edir. Odur ki, daha çox çalışmalıyıq.
P.S. Bu gün Mətləb əliyev üçün həm də özəl gündür. Belə bir gündə dəyərli bələdiyyə sədrinə uğurlarla yanaşı, qədim tarixə malik olan qəsəbədə rəhbərlik etdiyi bələdiyyə ilə birlikdə tarix yazmağı da arzulayırıq.
Belediyye.info