Bələdiyyələrin inkişafı, bir struktur olaraq formalaşması istiqamətində dövlət tərəfindən ciddi addımlar atılır. Ötən müddət ərzində bələdiyyə qanunvericiliyi ilə bağlı bir sıra əlavə və dəyişikliklər edilib, hüquqi normativ aktlar qəbul olunub. Qanunvericliklə əmlak vergisinin toplanılması və digər məsələlər bələdiyyələrə həvalə edilib.
Bununla əlaqədar olaraq, belediyye.info saytının suallarını cavablandıran Lökbatan bələdiyyəsinin sədri Namizəd ismayılov qəsəbə ərazisində əmlak vergisinin yığımıyla bağlı vəziyyətin sabitləşdiyini bildirib. Sədrin sözlərinə görə, əmlak vergisinin yığımıyla bağlı cənab prezidentin ötən ilin sonlarında imzaladığı fərmandan sonra bələdiyyə büdcəsinə cari ilin ilk aylarında xeyli miqdarda vəsait daxil olub. əvvəlki illərdə Lökbatan bələdiyyəsinin 4 nəfər işçisi olduğu halda, bu gün məhz bu vəsaitin hesabına bələdiyyə qulluğuna xeyli sayda işçi qüvvəsi cəlb etmişik. Qeyd edək ki, cəlb edilən insanlar, həmdə qəsəbədə nüfuz və hörmət sahibidirlər.
Lakin təəssüf ki, bu günədək qəsəbə ərazisindəki mənzillərin xeyli hissəsi sənədləşdirilmədiyindən onlardan vergi ala bilmirik.
Son 4 ay ərzində vergi müfəttişlərinin əhali arasında apardığı maarifləndirmə işləri nəticəsində yerli büdcəyə 20 min manatadək vəsait daxil olub.
Namizəd ismayılovun sözlərinə görə, büdcə vəsaitlərinin həcmini altı ay ərzində 30 min manata çatdırmaq niyyətimiz vardır.
Bələdiyyənin apardığı araşdırmalar nəticəsində bir sıra mənzillərin ölçüləri ilə bağlı müəyyən dəyişikliklər qeydə alınıb. Məsələn, əvvəllər 50 kv.m sahəsi kimi göstərilən mənzil araşdırmalardan sonra məlum olub ki, 150 kv.m-dir. Bələdiyyənin araşdırmaları davam edir.
Bu gün Lökbatan qəsəbəsində 50 faizdən artıq əmlak qeydiyyata alınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
əhalinin arasında vergini ödəməyə maraqlı olanlar da, olmayanlar da vardır. Biz sakinlərlə söhbət edirik və məsələni qanuni baxımından izah edirik. Amma çətinliklərimizdə olur. Belə ki, gördüyümüz işlər mənzil istismar sahələri ilə üst-üstə düşür. Bəzən elə olur ki, əhali hələ də mənzil istismar sahəsiylə bələdiyyəni bir-birindən ayıra bilmir. Biz əmlak vergisini, mənzil istismar sahəsi isə kommunal xidmətlər üzrə vergini toplayır. Hesab edirəm ki, bu məsələ ilə bağlı televiziya və media səhifələrində sistemli şəkildə maarifləndirmə işi aparılmalıdır.
Bəxtiyar Məmmədli
P.S Lökbatan haqqında
Lökbatan qəsəbəsi Qaradağ rayonunun mərkəzi və şəhər tipli qəsəbəsidir. Qəsəbə Azərbaycanın plaçıq vulkanının Qaradağ ərazisini təşkil edir.
Lökabtan adının yaranma tarixi Xoca Həsən və Sənqəçal arasında olan karvan yolunun olması ilə bağlıdır, yəni indiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvə batağlığa batıb. Ona görə də Lök-Batan adı yaranıb.
Qəsəbənin ərazisi 1931—32-ci illərdə 45 saylı neft quyusunun fontanı (1934-cü ildə) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki S.Orucov küçəsində olan qamış evlərin yaşayış massivinin əsası qoyulub. Həmin dövrdə ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib məskunlaşmışdır.
- ərazisi – 67 km2
- əhalisi – 31746 nəfər
- Sənaye müəssisələri – 6
- Təhsil ocaqları - 8
- (Məktəblər- 5, litsey və peşə məktəbləri -1, musiqi məktəbi-1, uşaq yaradıcılıq mərkəzi-1)
- Səhiyyə ocaqları -6
- (Xəstəxana-2, doğum evi-1, poliklinika-1, uşaq sanatoriyası-1, təcili tibbi yardım stansiyası-1)
- Uşaq bağçaları-7
- Mədəniyyət evi -1
- Kitabxana-1
- Məscid-1
- Tarixi abidələr-1 (Qurd qapısı-Qasımbəy Çapdıran) əlvan metallar Zavodunun arxası