“Yerli idarəçilik kökündən dəyişməlidir. Regionlar üzrə prezidentin nümayəndəlikləri yaradılmalıdır. icra hakimiyyətlərinin səlahiyyətlərinin çoxu alınıb bələdiyyələrə verilməlidir. Bununla dövlət öz yükünün bir hissəsini ictimai qurumların, icmaların üzərinə qoyur.»- bu fikirləri Strateq.az saytına müsahibəsində iqtisadşı ekspert Nazim Bəydəmirli deyib.
Onun sözlərinə görə, “bu, Azərbaycanın Avropa şurası qarşısında götürdüyü öhdəliklərin bir hissəsidir. Bələdiyyələrin iqtisadiyyatda iştirakçılığı təmin olunmalıdır. Onlar əhaliyə daha yaxın qurumlardır və bölgələr üçün daha effektiv layihələri seçib sərfəli olanı həyata keçirə bilərlər. Yoxsa, Bakıdan bir şirkət gəlib yol çəkirsə, onun məqsədi işini görüb vəsaiti alıb aradan çıxmaqdır. Amma belə layihələr yerli qurumlar tərəfindən icra olunsa, ona həm ictimai nəzarət olar, həm də dövlətin sosial yükünün bölüşdürülməsinə gətirib çıxarar. Bundan başqa, hər bir rayonda icra başçısı, maliyyə strukturları saxlamağa ehtiyac yoxdur. Bu islahatlar həyata keçirilsə, həm idarəçiliyin effektivliyi artar, həm ictimai nəzarət olar, həm də dövlətin bu sahələrə yönəltdiyi xərclər azala bilər. Hökumətin qəbul etdiyi strateji yol xəritəsində bu məsələlər var, amma onların reallaşdırılması gecikir. Bir məsələni də vurğulayım, ölkədə məmur sahibkarlığı ləğv olunmasa, bu sahədə köklü dəyişikliyə nail olmaq qeyri-mümkündür. Məmurlar bütün iqtisadi şəraiti, rəqabət mühitini pisləşdirirlər.”
Belediyye.info