“Yaşadığım ərazidə bələdiyyənin fəaliyyətini çox mənfi qiymətləndirirəm” -bu fikri Belediyye.info saytına eks-millət vəkili, iqtisadçı-alim Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, bələdiyyə seçkilərində səsvermə hüququmdan istifadə edib paritet əsaslarla namizədlərə səs verdim: “əsasən üzvü olduğum YAP-ın namizədlərinə və hər partiyadan bir nəfərə səs verdim. Bir sözlə bələdiyyə üzvlərini istər səsəvermə zamanı, istərsə də indi, demək olar ki, tanımırıq, ancaq bələdiyyə məmuru ildə bir dəfə əmlak və torpaq vergisini "tələb etməyə" gələn zaman tanış olmaq imkanımız yaranır.”
Yerli orqanlara göstərilən münasibətə toxunan Nazim Məmmədov, bir neçə QHT təmsilçisi və içtimai xadim istisna olmaqla bələdiyyələrin fəaliyyətinə heç bir dəstəyin olmadığını, bu dəstəyin varsa da, hiss olunan səviyyədə olmadığını deyir: “Mane olanlara gəldikdə isə bunun sayı-hesabı yoxdur. Yerli icra hakimiyyəti orqanları başda olmaqla, korrupsiyaya uğramış digər icra orqanları bələdiyyələrin normal işləməsini əngəlləyirlər. Paralel funksiyaları daşıyan orqanlar özünüidarəetmə orqanı olan bələdiyyə institutlarının formalaşmasının, fəaliyyətinin qarşısında keçilməz bir sədd yaradıblar.”
Eks deputatın fikrincə, əslində ən böyük dəstək, mane olmamaqdır, seçkilər zamanı rayon icra başçılarının müdaxiləsinin qarşısı alınmalı, məmurların bələdiyyə seçkiləri vasitəsi ilə özlərinə iş yerləri, torpaq satmaq üçün "makler ştatı" açmalarını stimullaşdırmamaq, əhaliyə bələdiyyənin nə işlə məşğul olmaları haqqında dolğun maarifləndirmə işi aparmaq zəruri addımlardandır. ən başlıcası qanunvericiliklə bələdiyyələrin səlahiyyətlərinin tam, şəffaf şəkildə müəyyənləşdirilməsi, icra hakimiyyətinin funksiyalarının bələdiyyələrin xeyrinə məhdudlaşdırılmasını həyata keçirmək lazımdır.