"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov: “Məqsədimiz seçicilər qarşısında seçki öncəsi verdiyimiz sözə əməl etməkdir”

--2018-11-09 / 17:12

Həmsöhbətim Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovdur.

Ondan başlayım ki, 2015-ci ilin yanvarından sədr seçilməmişdən əvvəl Nazim Qaraxanov bir sıra məsul dövlət vəzifələrində çalışıb.

Xarici işlər Nazirliyində, istərsə də Diaspora Komitəsində çalışdığı zaman daim üzərinə düşən məsuliyyət yükünü gözəl başa düşən Nazim Qaraxanov harada olmasından və harada çalışmasından asılı olmayaraq təşəbbüskarlığı ilə seçilmiş, yenilklərə imza atmağa daim maraqlı olub.

Nəsimi bələdiyyəsində çalışdığı dövrdə isə butün bu deyilənlərlə yanaşı səmimiyyəti və ciddiliyi ilə kollektivinin bütün üzvlərini öz ətrafında sıx birləşdirməyə nail ola bilib.

Sonuncu bələdiyyə seçkilərində qalib gələn və sədr seçilən Nazim Qaraxanovla ilk görüşüm 2015-ci ilin iyul ayında media gününə həsr olunmuş tədbirdə olmuşdu. Bundan sonra məhz Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə “əmlak vergisinin problem və perspektivlərinə” həsr olumuş mötəbər bir konfrans keçirildi...

Beləliklə, bu gün, demək olar ki, tez-tez bələdiyyənin yerləşdiyi beşinci mərtəbəyə qalxmağımında əsas səbəbi Nazim Qaraxanovdan nə isə öyrənmək və fəaliyyətimdə istifadə etməkdir.

Bələdiyyə sahəsində çalışdığı müddətdə daim yeniliklərə imza atan Nazim Qaraxanov bu gün bir sıra layihələr üzərində işləyir.

əvvəlcə xatırladım ki, ölkə bələdiyyələri arasında ilk olaraq “E-manat” stasionar ödəniş terminallarına məhz Nəsimi bələdiyyəsi qoşulub. Etiraf edilməlidir ki, 2015-ci ildə bu layihənin uğuruna özündən başqa heç kim inanmırdı. Başqa bir ilk isə yerli vergiləri məhz bələdiyyənin internet resursu üzərindən ödənilməsinin tətbiq edilməsidir.

Bu gün bütün stasionar ödəniş terminallarından -“MilliÖN”, “E-manat”, “Easipay” və onlayn şəkildə Hesab.az saytı vasitəsiylə ödəniş sisteminə 30 - dan artıq bələdiyyə qoşulub.

Bu yeniliklərlə yanaşı cari ildə Nəsimi bələdiyyəsi iri həcmli layihəyə yekun vurub. Nəsimi RiH-in yaxından iştirakı və dəstəyi ilə Nəsimi rayonu ərazisində “izmit” parkının açılışı həyata keçirilib.

Bu gün Nəsimi RiH-lə sıx əməkdaşlıq əlaqələri nəticəsində sakinlərin qaldırdığı məsələlərin sürətlə öz həllini tapması bələdiyyənin uğurlarından sayıla bilər.

Beləliklə, söhbətə keçirəm. Söhbətimizin əsas məzmunu isə bələdiyyənin büdcə gəlirləriylə bağlı olur:

***

“Büdcəmizin əsas hissəsi əmlak vergisindən formalaşır. Bu istiqamətdə gəlirlərimizi 2014-cü illə müqayisədə dəfələrlə artıra bilmişik. Büdcəmiz 2014-cü ildə 300 min manata yaxın olduğu halda, ötən il 600 min manatı keçib. Ötən il ərzində bələdiyyə tərəfindən 334.000 manat əmlak vergisi yığlıb”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov dedi.

Sədrin sözlərinə görə, rayon ərazisində 51.000-dən artıq  təsərrüfat subyekti vardır.  Bu rəqəmin təxminən 10.500-nə güzəşt tətbiq edilir. Qalan 40.500 təsərrüfat subyektinin 15.500-də yaşayış var, lakin çıxarış yoxdur. Beləlkilə, çıxarışı olan 25.000 təsərrüfatın 11.500-ü vergiyə cəlb edilib. Lakin 13.500  isə vergiyə cəlb olduqları halda vergini ödəmirlər:

“Ümumən, 15.500  mənzili çıxaırşı olmadığından vergiyə cəlb edə bilmirik, 13.500  isə məsuliyyətsizlik edərək vergiləri ödəməkdən yayınır. Vergi məcəlləsində vətəndaşın “xüsusi mülkiyyətində” olan sözüylə  yanaşı “istifadəsində olan”  ifadəsi yazılsaydı hesab edin ki, bələdiyyə büdcəsinə il ərzində 500 min manata yaxın vəsait daxil ola bilərdi.

Qısa bir hesablama aparsaq görərik ki,  15.500  yeni tikilini orta hesabla güzəşt tətbiq etməklə 70 kv.m-lə hesablasaq cəmi 1.085.000 kv.m edir. Həmin kvadrat metri isə  ən aşağı  əmsala yəni  0.4 manata vursaq  434 min manat maliyyə vəsaiti edir.

Demək hazırda bələdiyyə il ərzində 434 min manat vəsaiti itirir. Deyərdim ki, bu dəyişikliyin edilməsinə ciddi şəkildə ehtiyac vardır.”

Sədr hazırda subvensiya alınması üçün layihə üzərində işləyir. Özü də həvəslə və bələdiyyənin subvensiya alacağına da qəti əmindir.

Nazim Qaraxanov bu gün daha bir yenilik üzərində işləyir. Sədr bələdiyyə iclasının onlayn təşkil edilməsi üçün xüsusi proqram üzərində işləndiyini deyir. Belə ki, “Skaype” proqramı üzərindən onlayn şəkildə iclasların təşkili həm bələdiyyə qərarlarının tez və operativ qəbuluna kömək edəcək, digər tərəfdən də hər bir bələdiyyə üzvünün bələdiyyəyə gəlişiylə bağlı vaxt itgisinin qarşısını alacaq.

Sözsüz ki, hər bir vaxt üzvlər bələdiyyəyə gəlməli, bələdiyyənin fəaliyyətiylə tanış olmalı və bələdiyyə qulluqçularına öz dəstəyini verməlidir. Ancaq operativ olaraq qərar qəbul etmək üçün onlayn iclasların keçirilməsi və hər bir qərara öz münasibətini və səsini verməsi proqramda nəzərdə tutulacaqdır.

Sonda Nazim Qaraxanov əsas məqsədini açıqlamağı unutmadı:

“Məqsədimiz sakinlərimizə layiqincə xidmət etmək, onlar qarşısında seçkiöncəsi verdiyimiz sözə əməl etməkdir.”

P.S. 11 noyabr tarixi Nazim Qaraxanovun ad günüdür.

Bu münasibətlə bələdiyyə sədrini ürəkdən təbrik edir və Nəsimi RiH Başçısı, dəyərli insan Asif əsgərovun təbrik məktubunda deyildiyi kimi “Möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi ilə xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi layihələrdə uğurlar” arzulayıram.

Belediyye.info

ŞƏRHLƏR