Azərbaycanda tütün məmulatlarından istifadəyə qarşı tədbirlərin görülməsi üçün bələdiyyələrə yeni səlahiyyət verilir. Bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bələdiyyələr tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması üçün tədbirlər görəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul olunub və dekabrın 1-də keçiriləcək plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bununla yanaşı, siqaretdən və sulu qəlyandan istifadənin qadağan edildiyi yerlərin siyahısı da genişləndirilib.
Layihəyə əsasən, tütün məmulatlarına xüsusi ayrılmış yerlər istisna olmaqla motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.
Məsələ ilə bağlı "şərq”ə danışan "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli deyib ki, bələdiyyənin səlahiyyətlərinin artırılması ilə bağlı atılan bütün addımları alqışlamaq lazımdır:
"Hər səlahiyyət artırılması istər-istəməz bələdiyyələrə olan diqqətin təzahürüdür. Amma bu proseslə bağlı maliyyə məsələsi də mütləq nəzərə alınmalıdır. Yəni bələdiyyənin öz öhdəliyini həyata keçirməsi üçün tələb olunan maliyyə vəsaiti bələdiyyə büdcəsinə dövlət tərəfindən ayrılmalıdır. Qanun qəbul edilərkən bu məqam nəzərə alınarsa, daha məqsədəuyğun olar. əks halda bələdiyyələr prosesin icrasında maliyyə çətinliyi ilə üzləşə bilərlər”.
Ekspertin sözlərinə görə, "Bələdiyyə haqqında” qanunda nəzərdə tutulub ki, yerli əhəmiyyətli və dövlət proqramından kənarda qalmış məsələləri bələdiyyə öz inzibati ərazi çərçivəsində həyata keçirə bilər:
"Bələdiyyələrdə yerli ekoloji komissiya fəaliyyət göstərir. Tütün məmulatlarının istifadəsi və s. məsələlər əvvəlcə həmin komissiyada müzakirə edilir və daha sonra təkliflər hazırlanır. Bələdiyyə öz ərazisi üzrə ancaq təkliflə çıxış edə bilər. Yəni bildirə bilər ki, bu məsələnin həllini necə görür. Komissiya və ya bələdiyyə sədri də həmin prosesin icrasına nəzarət etməlidir”.
ismayıl