"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qalib Toğrul : “Xidmət müqabilində haqq tələb edilməsi beynəlxalq standartlara ziddir”

--2016-02-25 / 18:04

“Daşınmaz  əmlakın  Dövlət  Reyestri  Xidməti bələdiyyələrə məlumatı pulsuz vermir”- bununla bağlı Belediyye.infonun ictimailəşdirdiyi məsələyə münasibət bildirən  iqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qalib  Toğrul sayta açıqlamasında bildirib ki, “fiziki şəxslərin əmlak vergisinin (su və hava nəqliyyatı vasitələrinə görə alınan vergilər istisna olmaqla) toplanması ilə bağlı əsas problem bəzi daşınmaz əmlakın reyestrdən çıxarışının olmaması ilə bağlıdır. Xüsusən, rayonlarda  mülkiyyətin sənədləşdirilməsi ilə bağlı problemlər daha qabarıqdır. Daha bir problem sənədi olan evlərin kimlərə məxsus olmasının müəyyənləşdirilə bilinməməsi ilə bağlıdır. Bu məsələdə əmlak Məsələləri Dövlət Komitəsinin (əMDK) bələdiyyələrə kömək göstərməsi zəruridir. əks halda binanın, evin sahibinin kimliyini müəyyən etmək mümkün deyil. Ancaq Komitənin verilən məlumatın müqabilində 10 manat xidmət haqqı tələb etməsi maddi cəhətdən zəif olan bələdiyyələrin işini çətinləşdirir.

Yaxşı olardı ki, bunula bağlı Tarif şurasının müvafiq qərarında dəyişiklik olunsun, bələdiyyələrə belə məlumatlar ödənişsiz təqdim edilsin. ən yaxşısı müvafiq qanunvericilik aktına dəyişiklik etməklə əMDK-nın üzərinə hər ilin sonunda bələdiyyələrə ərazilərində olan bina, tikili və evlərlə bağlı müvafiq məlumatların ödənişsiz verilməsi öhdəliyini qoymaq olar.

Ümumiyyətlə, bizdə dövlət orqanlarının göstərdikləri xidmət müqabilində müəyyən sabit haqq tələb etməsi beynəlxalq standartlara ziddir. Belə xidmət haqları göstərilən xidmətin dəyərinə müvafiq olmalıdır. Hazırkı halda müvafiq məlumatın verilməsi üçün 10 manat yüksək haqdır.

Ümumilikdə isə problemin həlli üçün ilk növbədə, bələdiyyələrin elektronlaşması ilə bağlı işlərin sürətləndirilməsi, onların mərhələlərlə elektron hökumət rejiminə inteqrasiya edilməsi, dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadəsinə imkan yaradılması vacibdir. Ancaq bunun üçün uzun müddət tələb olunur. Çünki bələdiyyələrin hazırki maddi-texniki bazası hələki buna imkan vermir.”

Belediyye.info

ŞƏRHLƏR