“Bələdiyyələrin maliyyə vəsaiti olsa, istənilən sosial problemlər öz həllini tapa bilər”-bu fikirləri Belediyye.info saytına Ağcabədi bələdiyyəsinin sədri Qaraxan Cəfərov deyib. Onun sözlərinə görə, rayonda əmlak və torpaq vergisinin toplanması istiqamətində lazımi işlər görülür: “Amma vergilərin toplanmasında çətinliklərimiz də var. Misal üçün, vətəndaş işıq pulunu ödəməyəndə bir müddətdən sonra gedib işığını kəsirlər. Lakin bələdiyyə olaraq, biz sakinlərə bildirişi veririk, ikinci dəfə qapısına gedəndən sonra yadlarına düşür ki, bələdiyyə bildiriş verib. Bu mənada gərək insanlara dəfələrlə vergini ödəmək üçün müraciət edəsən. Ölkə başçısının fərmanına uyğun olaraq, yeni qaydalar əsasında vətəndaşlara bildirişlər paylanılıb. Lakin hesab edirəm ki, əmlak və torpaq vergisinin toplanması üçün işıq, qaz və su idarələrinin tətbiq etdiyi inzibati cəza mexanizmləri kimi bələdiyyələrə də belə bir qanuni imkan yaradılmalıdır.
Düzdür, biz vətəndaşlara izah edirik ki, əgər vergi ödənilməsə, ödəniş məhkəmə vasitəsilə həyata keçiriləcək. Lakin onu deyim ki, 100 manat pensiya alan vətəndaşdan məhkəmə 3 manat tutur, bunu da 3 aydan artıq edə bilmir. Hesab edirəm ki, bu mənada qanunlara yenidən baxılmalıdır, dəyişikliklər edilməlidir. indiki halda yığımlar normal şəkildə toplanır. əmlak və torpaqdan ay ərzində 3000 manata yaxın vergi toplanır”.
Bələdiyyə sədri qeyd edib ki, əmlakların qeydiyyata alınması prosesi Ağcabədidə də həyata keçirilir: “Bununla bağlı komissiya yaradılıb və təxminən 90 faiz əmlak qeydiyyata alınıb”.
Q.Cəfərov deyib ki, icra hakimiyyəti bələdiyyənin fəaliyyətinə maneələr yaratmır, əksinə müraciət etdikdə müəyyən köməklik göstərilir. Onun sözlərinə görə, bir çox hallarda ərazidə yaranmış problemi daha çox bələdiyyə özü həll etməyə çalışır.
Bəxtiyar Məmmədli