"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qədir Xəlilovun «Yerli özünüidarəetmə hakimiyyəti və öz müqəddəratını təyinetmə hüququ” adlı yeni kitabı işıq üzü görüb

--2017-09-27 / 13:05

Bu günlərdə hüquq elmləri üzrə fəlsəfə doktoru Qədir Xəlilovun «Yerli özünüidarəetmə hakimiyyəti və öz müqəddəratını təyinetmə hüququ” adlı yeni kitabı çap olunmuşdur.

Kitabda ilk dəfə olaraq beynəlxalq hüquq elmində öz müqəddəratını təyinetmənin yerli özünüidarəetmə formasında realizəsinin nəzəri istiqamətinin müəyyən edilməsinə cəhd edilmişdir. əsas diqqət ona yönəldilir ki, yerli özünüidarəetmə hakimiyyəti nə qədər demokratik əsaslara malik olursa bir o qədər etnik, dini və s. separatizm meyillərini önlənmiş olur. Kitabda diqqəti çəkən əsas məqamlardan yerli özünüidarəetmə hakimiyyətinin öz müqəddəratını təyinetmə üsulu olan dövlət hakimiyyəti ilə qarşılıqlı əlaqəsinin, o cümlədən ictimai hakimiyyətin bölgüsü, səlahiyyətlərin qarşılıqlı nisbət məsələsi, yerli özünüidarəetmə hakimiyyətinə nəzarət problemi və etno-milli özünütəyinetmə, muxtariyyət institutu ilə yerli özünüidarəetmə muxtariyyətinin oxşar və fərqli cəhətlərinin təhlili və öz müqəddəratını təyinetmə hüququ kimi yerli özünüidarəetmə hakimiyyətinin konstitusiya modelinin hazırlanması üzrə təklifləri yalnız Azərbaycan Respublikası üçün deyil bütövlükdə beynəlxalq hüquq elmi üçün dəyərli olmasıdır.

Müəllif Azərbaycan Respublikasında öz müqəddəratını təyinetmə məzmununda yerli özünüidarəetmə hakimiyyətinin inkişaf istiqamətlərini və yerli özünüidarəetmənin vətəndaş cəmiyyətinin müstəqil institutu və hakimiyyət strukturunun vacib elementi kimi dəyərləndirir, dövlət və yerli özünüidarəetmənin qarşılıqlı fəaliyyətinin parametrlərini müəyyən etməklə bərabər yerli özünüidarəetmənin formalaşdırılmasının qanunauyğunluqlarını, vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğunun tələblərinə cavab verən yerli özünüidarəetmə sisteminin konseptual məsələlərini irəli sürmüşdür.

Kitabda özünütəyinetmə və yerli özünüidarəetmə ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, daxili qanunvericilik aktları, eyni zamanda Ulu Öndər Heydər əliyevin və Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin nitqləri, çıxışları ətraflı təhlil edilmişdir. Qeyd edək ki, təqdim edilən kitab yerli özünüidarə orqanları, hüquq və politologiya fakültəsinin müəllim və tələbələri üçün faydalı ola bilər.

Xatırladaq ki, Qədir Xəlilov uzun müddət Azərbaycanda yerli özünüidarə sahəsində çalışmış, 2007-2016-cı illərdə Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan milli nümayəndə heyətinin katibi olmuş, beynəlxalq tədbirlərdə ölkəmizi dəfələrlə təmsil etmişdir.

Monoqrafiyaları və kitabları çap olunmuş, bir sıra elmi məqalələri ölkəmizdə və xaricdə nəşr olunan jurnallarda dərc edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR