“əmlak və torpaq vergisinin toplanmasında hazırda problemlər yaşayırıq. Yeni qaydalara uyğun olaraq, əhaliyə bildirişlər paylamışıq”. Bu sözləri belediyye.info saytına Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov deyib. Onun sözlərinə görə, bu vasitə ilə büdcəmizə maliyyə vəsaiti daxil olur: “Lakin həmin bildirişlərdə son ödəmə tarixi olaraq avqust ayını göstəririk. əhaliyə vergilərin ödənilməsi üçün müraciət edəndə hələ avqust ayına qədər vaxtlarının olduğunu deyirlər. Bax, bu mənada çətinliklərimiz var. Hazırda bələdiyyənin müfəttişləri əhali arasında təbliğat işi aparırlar. Bizdə məhəllə komitələri var və onlar da fəallıq göstərirlər ki, əhali vergiləri vaxtında ödəsin. Bu işlər olmasa, çox ağır vəziyyət olar.
Qeydiyyat məsələsinə gəlincə, bələdiyyə ərazisindəki bütün əmlaklar qeydiyyata alınıb. Bu qeydiyyat işləri kitaba da salınır, o cümlədən xüsusi kompüter proqramı vasitəsilə uçotu gedir. Bizim əlimizdə konkret sənədlər olmalıdır, lakin bu yoxdur və inventarlaşdırmanı biz özümüz aparırıq. Büdcədə pulumuz olmadığı üçün həmin sənədləri əmlak Məsələləri üzrə Dövlət Komitəsindən ala bilmirik”.
Q.Məmmədov deyib ki, Nizami rayon bələdiyyəsi də öz əməkdaşları üçün vahid geyim forması tətbiq etmişik: “Bu ilin əvvəlindən bizim işçilərə bu vahid forma verilib. Onlara verilən formanın yaxa hissəsində ad, soyadları qeyd edilib, o cümlədən qol hissəsində bələdiyyənin emblemi və altından “Nizami Gəncə şəhərə bələdiyyəsi” sözləri əks olunub. əslində formanın tətbiqi effekt verdi. Adi geyimdə vətəndaşın qapısını döyəndə bilmir ki, o kimdir. Ancaq bələdiyyə əməkdaşı vahid formada olanda vətəndaş da bilir ki, bu haranın işçisidir və nə üçün gəlib”.
Bələdiyyə sədri icra hakimiyyətinin yerli özünüidarəetmə orqanına köməkliklər göstərdiyini deyib: “Müraciət etdikdə həqiqətən lazımi dəstəyi ala bilirik”.
Bəxtiyar Məmmədli