“Yerli özünüidarəetmənin mövcud vəziyyəti haqqında danışarkən qeyd etmək lazımdır ki, bələdiyyələr ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında müəyyən rola malikdirlər. Lakin ölkəmizdə gedən sürətli, hərtərəfli inkişaf prosesindən bələdiyyələrin geri qaldığı, onların fəaliyyətində kifayət qədər problemlərin olduğu danılmaz faktdır”-
Bu fikrləri “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələri” mövzusunda keçirilən videokonfransda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.
Bələdiyyələrin maliyyə vəziyyətində yaranmış çoxsaylı problemlər onların fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərən əsas amillərdəndir. Mindən yuxarı bələdiyyənin sosial sığorta ödəmələri üzrə 7 milyon manatdan çox, bələdiyyələrin özlərinin verdiyi məlumatlara əsasən bundan daha artıq miqdarda əmək haqqı borcları var.
Mərkəz rəisinin sözlərinə görə, təəssüf ki, bu borclar bələdiyyələrin işlərini düzgün qurmaması, büdcə vəsaitlərindən səmərəli istifadə etməməsi, icra aparatını öz imkanlarına uyğun təşkil etməmələrinin nəticəsində yaranıb.
Statistik məlumatlara əsaslanan R.Məmmədov daha sonra qeyd edib ki, 2020-ci ildə ümumilikdə yerli büdcə vəsaitinin 65,7%-i idarəetmə xərclərinə sərf olunmuşdur. Təəssüf ki, idarəetmə xərclərinin çəkisi artmaqda davam edir. Bu xərclər 2018-ci ildə 57,7%, 2019-cu ildə 61,3% olmuşdur. Mərkəzin səmərəli fəaliyyəti nəticəsində 2021-ci ilin ilk 3 ayı ərzində 9.200-dən çox torpaq vergisi, 64 minə yaxın əmlak vergisi obyekti, 82 mehmanxana və turizm obyekti müəyyənləşdirilərək uçota götürülmüşdür. Bu müddət ərzində 21 bələdiyyə üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 493 min manatdan çox torpaq və əmlak vergisi toplanmışdır.
Bələdiyyələrdən əldə etdiyimiz məlumatlar əsasında təhlillər aparıldıqda məlum olmuşdur ki, ümumilikdə bələdiyyələrin debitor borcları kreditor borclarından daha çoxdur. Təcrübə göstərir ki, bəzi bələdiyyələrdə debitor borcları toplamaqla kreditor borcları bağlamaq mümkündür.
Vergi və ödənişlərin ödənilməməsinə əksər bələdiyyə sədrləri, bələdiyyənin digər aidiyyəti vəzifəli şəxsləri laqeyd münasibət göstərirlər. Bu problemlərin həlli məqsədilə qanunvericilik bələdiyyələrə geniş səlahiyyətlər verib.
Bələdiyyələr tərəfindən yerli vergilər üzrə yaranmış debitor borcların yığılması məqsədilə icrası məcburi aktların qəbul edilməsi və aidiyyəti icra qurumlarına göndərilməsi vəziyyəti Bakı bələdiyyələri üzrə təhlil edilmişdir. Bu sahədə müsbət təcrübəsi olan Binəqədi bələdiyyəsi pilot kimi müəyyənləşdirilmişdir. Qeyd olunan təcrübənin ilk növbədə bir sıra Bakı bələdiyyələrində təbliği nəticəsində cari ilin yalnız birinci rübündə bu cür inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi
halları 4 dəfə artmışdır. Hazırda bu təcrübənin bütün bələdiyyələrdə daha geniş təbliği və təşviqi planlaşdırılır.
Belediyye.info