"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramiz Göyüşov: “Bələdiyyələr perspektivli və gələcəyi olan orqandır”

--2017-06-09 / 10:04

Belediyye.info olaraq sıx şəkildə bir rayon icra hakimiyyətləriylə əməkdaşlıq edirik. Bu sırada ilk yeri Binəqədi rayonu tutur.

Bu dəfə rayonda formalaşan  bələdiyyələrinin fəaliyyətinə icra hakimiyyətinin prizmasından baxmaq istədik.  

Qonağımız Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovdur.

-Son 5 ildə Binəqədi Rayon icra Hakimiyyətinin tərəfindən rayonda çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr rayonun bütün sahələrini əhatə edib və bu gün də həmin tendensiya davam edir. Bu prosesdə təbii ki, rayonda fəaliyyət göstərən  bələdiyyələr də iştirak edir. Rayon icra Hakimiyyətində yerli özünüidarəetmə orqanları ilə işləyən şöbənin müdiri olaraq, rayondakı bələdiyyələrin  fəaliyyəti Sizi qane edirmi?

-Son illər ərzində ölkəmizin iqtisadiyyatı uğurla inkişaf edib. Bütün bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarından başlamış islahatlar, ulu öndər Heydər əliyevin siyasəti dayanır və təbii ki, cəmi 20 ildən artıq bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan bir ölkə üçün bu tarixi nailiyyətdir.

Bu müddət ərzində həmçinin respublikamızda bir çox layihələr icra edilib, ölkənin beynəlxalq nüfuzu artıb, ölkədə aparılan islahatlar daha da dərinləşib.

Azərbaycanda bələdiyyələrin tarixi 17 ili əhatə edir, əlbəttə ki, bu, elə də uzun müddət deyil. Təbii ki, ötən müddət ərzində bələdiyyələrimiz ilk öncə formalaşmağa başlayıb, inkişaf edib, bununla yanaşı hələ bu gün də bu istiqamətdə təkmilləşdirmə prosesləri gedir.  

Bildiyiniz kimi, sonuncu, sayca 4-cü  bələdiyyə seçkiləri 2014-cü ilin dekabrında keçirilib. Binəqədi rayonu üzrə, ümumilikdə 79 bələdiyyə üzvü, o cümlədən Binəqədi bələdiyyəsi üzrə 17, Rəsulzadə bələdiyyəsi üzrə 17, Biləcəri bələdiyyəsi üzrə 15, Binəqədi qəsəbə bələdiyyəsi üzrə 15, Xocəsən bələdiyyəsi üzrə isə 15 üzv seçilib.

Respublikanın hər yerlərində olduğu kimi, Binəqədi rayonunda da YAP-ın namizədləri yüksək say çoxluğu ilə qalib gəliblər. Seçkilərdə 79 nəfər YAP üzvü iştirak edib (Partiya tərəfindən irəli sürülüb) və onlardan 59 nəfər qalib gələrək  üzv seçilib. Bələdiyyə sədrlərindən 2-si (5 sədrdən, 2-si) qadın, 2 sədr 30 yaşadək, 2 sədr isə 35 yaşadək təşkil edir. Hər bir bələdiyyənin tərkibində bələdiyyənin icra  aparatı yaradılmış və bələdiyyə iclasında daimi komissiyalar seçilərək fəaliyyət göstərir. Hazırda bələdiyyələrdə çalışan bələdiyyə qulluqçularının sayı 186 nəfərdir. Vurğulamaq lazımdır ki, bələdiyyələr Ulu öndər Heydər əliyev tərəfindən Azərbaycanda qurulan yeni yerli özünüidarəetmə sistemidir və onların qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.

Son illər qanunvericiliyə edilən dəyişliklər də  məhz bələdiyyə institutunun inkişafına, təşəkkülünə hesablanıb. Bəzən Azərbaycan bələdiyyələrinin fəaliyyətini 100 illik tarixi olan Türkiyə, yaxud digər ölkələrin bələdiyyələri ilə müqayisə edirlər. Mən deyərdim ki, bu heç də doğru yanaşma deyil. əvvəla ona görə ki, 100 illik fəaliyyətlə 17 illik fəaliyyəti tərəzinin eyni gözünə qoymaq, müqayisəyə çıxarmaq obyektivlikdən kənar olardı. Təbii ki, bizim bələdiyyələr öz üzərlərində işləyir, müxtəlif təcrübələrdən bəhrələnməyə çalışırlar. Bu işdə dövlətin apardığı siyasətə uyğun Rayon icra Hakimiyyəti olaraq biz də onlara köməklik göstəririk. Yerli icra hakimiyyəti ilə yerli bələdiyyələrin birgə fəaliyyəti nəticəsində bir neçə layihələr həyata keçirilib və bu layihələr  uğurlu da nəticələr verib. istər vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında, istər sosial sahədə, istərsə də bələdiyyə büdcəsinin formalaşdırılmasında effektiv və səmərəli layihələr, hətta pilot layihələr icra olunur. Bu baxımdan Binəqədi bələdiyyələrinin fəaliyyətini qənaətbəxş hesab etmək olar.

-Yeri gəlmişkən, icra strukturlarıyla bələdiyyə münasibətləri rayonda hansı formada tənzimlənir? Ümumiyyətlə bu əlaqələr necə qurulub?

-Binəqədi Rayon icra Hakimiyyəti ilə rayon ərazisində fəaliyyyət göstərən bələdiyyələr arasında qarşılıqlı əlaqələr “Yerli icra Hakimiyyətləri Haqqında” əsasnaməyə uyğun olaraq ərazidə yaşayan vətəndaşların sosial sifarişləri əsasında qurulub.  Rayon icra Hakimiyyətində fəaliyyət göstərən ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bələdiyyələrlə koordinasiyalı şəkildə işi təşkil edir, zərurət yarandıqda müxtəlif tövsiyyə və məsləhətlər verir. Bələdiyyələr son 3 il müddətində Rayon icra Hakimiyyəti ilə qarşılıqlı koordinasiya  əsasında əsaslı irəliləyiş nümayiş etdirib, yuxarıda qeyd etdiyim kimi bir sıra silsilə tədbirlər, pilot layihələr müəllifi olub, eyni zamanda bələdiyyənin cəmiyyətdə nüfuzunun artırılması istiqamətində ideoloji və maarifləndirmə işinin təşkilinə nail olunub. Xüsusilə əhali ilə informasiya mübadiləsi müasir standartlara uyğunlaşdırılıb, bələdiyyənin işində şəffaflığın artırılması məqsədilə hər bir bələdiyyə öz “Facebook” səhifəsini yaradıb. Səhifədə bələdiyyə haqqında məlumatlar mütəmadi olaraq yerləşdirilir. Vətəndaşların da internet vasitəsi ilə öz təklif, xahiş və iradlarını bələdiyyənin “Facebook” sosial şəbəkəsində olan səhifəsində yerləşdirə bilmələrinə imkan yaradılıb. Eləcə də təsdiq edilmiş cədvəl üzrə hər ay bələdiyyələrdə sosial tədbirlər həyata keçirilir. Eyni zamanda, Rayon icra Hakmiyyətində təşkil olunan məlumat saatlarında bələdiyyə sədrləri, üzvləri və eləcə də bələdiyyə qulluqçularının iştirakı tövsiyyə edilir. Bələdiyyələrdə ilk növbədə nizam-intizam qaydalarına riayət, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması daim diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq tövsiyələr verilir.

-Binəqədi bələdiyyələrinin hansı uğurları və problemləri var? Mövcud problemləri aradan qaldırmaq üçün ötən 5 ildə hansı addımlar atılıb?

-Binəqədi rayonunun bələdiyyələri öz fəaliyyətləri ilə cəmiyyətdə bələdiyyə -nüfuzunun artmasına böyük səy göstərirlər.  ən önəmlisi isə ilkin dövrlərdə bələdiyyə tərəfindən buraxılan səhvlərə, yaranan boşluqlara görə bu quruma azalan inamın, qarşılıqlı etimadın bərpasına çalışırlar. Son bələdiyyə seçkilərindən sonra bu istiqamətdə müəyyən irəliləyişlərin olduğunu müşahidə edirik. Bu müsbət irəliləyişlər bələdiyyələrin tərkibinin formalaşmasından başlamış, görülən işlərin kəmiyyət və keyfiyyətinə qədər hər məsələdə öz əksini tapır. Təbii ki, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən son 3-4 il müddətində  yerli özünüidarəetmə qurumu olaraq həyata keçirilən layihələr, ərazidə iri, yaxud kiçik həcmli görülən işlər, xüsusilə vətəndaşlarla sıx ünsiyyət, ərazilərdə sakinlərlə keçirilən görüşlər bələdiyyə-vətəndaş münasibətlərində etimadın bərpasına köməklik edir.

Uğurlardan danışarkən qeyd edim ki, “Bir bələdiyyə-bir layihə” çərçivəsində, eləcə də “Demokratiya həftəsi” çərçivəsində hər bir bələdiyyə ayrı-ayrılıqda, hər il olmaqla layihələr həyata keçirib, layihələr çərçivəsində: “Açıq qapı günləri”, “Poçt qutusu”, “Qaynar xətt”, “Rəy sorğusu” və sair bu  kimi sosial tədbirlərin keçirilməsi təşkil olunub, yeniliklər göstərilib, əhali arasında maarifləndirmə işlərinin aparılması təşkil olunub. Eyni zamanda bələdiyyələr tərəfindən ərazi üzrə təmir-bərpa işləri aparılıb, təmizlik-abadlıq işləri görülüb, mütəmadi iməciliklər, təqvim üzrə bayram və anım, həmçinin digər humanitar tədbirlərin keçirilməsində yaxından iştirak təşkil olunub.

Uzun müddətdir problemli sahə kimi izah olunan məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi  işini,  Rayon icra Hakmiyyətinin yaxından dəstəyi ilə bələdiyyələr öz üzərinə götürüb və təşkilinə nail olunub. ərazidə nümunəvi məişət tullantısı meydançaları tikilib, mövcud meydançalar təmir edilib. Ümumilkdə ərazidə 450 ədədi yeni olmaqla 2244 ədəd konteyner yerləşdirilib və mütəmadi olaraq da mövcud texnikalara və konteynerlərə texniki baxışın keçirilməsi təmin edilib. Ümumilikdə işin təşkili 41 texnika (xüsusi avtomobil, KamAZ və ZiL markalı avtomaşınlar və digər texnika və.s)  vasitəsi ilə həyata keçirilir. Binəqədi rayonunun bələdiyyələrində tətbiq olunan daha bir layihə isə müvafiq bələdiyyə ərazisi hüdudları daxilində, ev təsərrüfatlarının və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması  işidir ki,  bu iş vasitəsilə   ev təssərüfatlarının təsərrüfat subyektlərinin (obyektlərinin) dəqiq qeydiyyatının aparılması  həyata keçirilir.

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  hər bir bələdiyyədə komissiya yaradılıb və bələdiyyələrdə bələdiyyə qulluğuna qəbul hazırda bu komissiya tərəfindən müsabiqə vasitəsi ilə həyata keçirilir.  Rayon icra Hakimyyətinin tövsiyyəsi ilə bələdiyyələrdə yeni yaradılmış ictimai və Humanitar sektorun xidməti daha  təqdirəlayiqdir. Sektor Rayon icra Hakimiyyəti ilə koordinasiya şəkilində bir sıra layihələr həyata keçirib. Binəqədi bələdiyyələrinin ictimai-humanitar sektorlarının təşkilatçılığı ilə keçirilən ən son layihələrdən biri də “Vergi” olimpiadasıdır. Olimpiadanın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

Problemlərə gəlincə, bələdiyyə qulluqçularının, bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə, xüsusilə vergi sahəsində ixtisaslı kadrlara ehtiyac var. ən vacibi bələdiyyələr yeni institut olduğu üçün, cəmiyyət inkişaf etdikcə bələdiyyə qanunvericilik bazasında mütəmadi islahatların aparılması daim gündəmdə saxlanılmalıdır. Bundan başqa bələdiyyə təsərrüfatlarında zəruri tədbirlərin görülməsinə, maddi texniki bazanın möhkəmləndirilməsinə ehtiyac var. Bələdiyyə büdcəsinin möhkəmləndirilməsi, dayanıqlı bələdiyyə büdcəsinin formalaşdırılması üçün bələdiyyələrin tabeliyində kiçik müəssisələrin yaradılmasına ehtiyac vardır. Bələdiyyələrə güzəştli kreditlərin verilməsi üzərində düşünmək lazımdır. Daha bir önəmli məsələ, bəzi bələdiyyələrdə ötən illərdən problem olaraq qalan borcların ödənilməsi ilə bağlıdır. Bu, bələdiyyələrin normal fəaliyyətinə ciddi maneə yaradan amillərdəndir. Bu borclarla bağlı müəyyən amnistiyaların tətbiqinə baxıla bilər. Bələdiyyə ərazilərinin xəritələşdirilməməsi, Bakı şəhərində torpaqların  alqı-satqısı məsələləri ilə əlaqədar icra mexanizminin yaradılmaması müəyyən çətinliklər yaradır. Hazırda müvafiq bələdiyyə ərazilərində fiziki və hüquqi şəxslər tərəfindən çoxlu sayda sənədsiz əmlak var və  bu əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Bələdiyyə büdcəsində gəlirlərin əsas hissəsinin fiziki şəxslərdən əmlak vergisi təşkil etdiyini nəzərə alıb bu problemin həlli mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki bu, problemin mövcudluğu hazırda bələdiyyə ərazisində xeyli vəsaitin itirilməsinə şərait yaradır. Daha bir vacib məqam, vergidən yayınan ödəyicilərlə əlaqədar bələdiyyə qərarlarının icrası haqqında icra şöbəsi tərəfindən ödəyicilərə qarşı qəbul edilmiş qərarlarla bağlı mexanizmlərin sərtləşdirilməsidir. Bələdiyyələrdə vergi və ödənişlər sahəsində maarifləndirmə tədbirləri aparılmasına ciddi ehtiyac vardır. Vergi və ödənişlərin hesablanmasında, ödənişlərin uçotunun  aparılmasında iKT-dən lazımınca istifadə olunmur. Vergi və ödənişlərin yığılmasında subyektiv amillərin böyük təsiri vardır. Bütün bunlar bələdiyyələrin vergi xidməti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Təhlillər və müşahidələr göstərir ki, bələdiyyələr müvafiq ərazi vahidi daxilində əmək bazarının formalaşmasında, əhalinin məşğulluğunun artırılmasında işsizliyin azaldılmasında, ərazi  Məşğulluq Proqramının icrasında zəif  iştirak edir. Belə ki, bələdiyyələrin yaradılmasından ötən 17 il ərzində müvafiq bələdiyyələrin nəzdində istehsal və xidmət müəssisələri yaradılmayıb və nəticədə bələdiyyə ərazisində əmək qabiliyyətli iş axtaran əhalinin məşğulluğa cəlb edilməsində, həmçinin bələdiyyə mülkiyyətinin yaradılmasında və bələdiyyələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə öz mənfi təsirin göstərib. Bununla belə yaranan hər bir problemin aradan qaldırılması istiqamətində daim işlər görülür və bu davamlı olaraq da hər zaman ediləcəkdir.

-Sizin fikirinizcə, Binəqədi rayon bələdiyyələrinə hansı əlavə maliyyə istiqaməti və ya səlahiyyəti vermək olar?  

-«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyə qulluğu haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının digər normativ hüquqi aktların, bələdiyyələrin qərarlarına, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı” haqqında əsasnaməyə uyğun olaraq  Sahə nəzarəti vəzifəsi yaradılmış onun vəzifə təlimatı işlənib hazırlanıb və bu əməkdaşlar vasitəsi ilə müvafiq bələdiyyə ərazisi hüdudları daxilində, ev təsərrüfatlarının və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması, yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanması, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə  yerli büdcələrə ödənilməsi, vətəndaşlardan daxil olan şikayət və müraciətlərin, eyni zamanda onları narahat edən məsələlərin yerində öyrənilməsi və aradan qaldırılmasına nail olunub. Maliyyə imkanlarının genişləndirilməsinə gəlincə, yuxarıda qeyd etdiyim kimi, bələdiyyələrin nəzdində istehsal və xidmət müəssisələrinin yaradılması dayanıqlı bələdiyyə büdcəsinin formalaşdırılmasına böyük dəstək olar. Bələdiyyələrin mülkiyyətini inkişaf etdirmək məqsədilə öz daxili imkanlarından, bank kreditlərindən, sahibkarlığa kömək fondunun kreditlərindən istifadə etməklə “Bələdiyyə servis”ləri yaratmaq və həmin servislərin tərkibində xidmət, ticarət və istehsal sahələrinin təşkilinə nail olmaq mümkündür.  

-Azərbaycan bələdiyyə sisteminin inkişafı üçün hansı təklif və tövsiyyələri verərdiz?

-Bələdiyyələr perspektivli və gələcəyi olan orqandır. Yaxşı gələcək bu orqanlardan beynəlxalq təcrübəyə və  yerli reallıqlara əsaslanaraq formalaşma tələb edir. Çünki bələdiyyələr ölkəmizin sürətli inkişafı və əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz  fəaliyyətlərini düzgün qurmaq və qarşıya çıxan məsələləri həll etmək baxımından  çevik  bir orqana çevrilməklə bərabər, həm də öz strukturlarını daim  təkmilləşdirməlidirlər.

Kiçik, maliyyə imkanları məhdud  olan  bələdiyyələrin fəal, yaxşı iş  təcrübəsinə və bacarığa  malik  bələdiyyələrlə birləşməsi  yerli  özünüidarəetmə orqanlarının fəaliyyətində əsaslı dönüş yarada bilər. Hesab edirik ki, bələdiyyələrin vergi xidmətlərinin təkmilləşdirilməsinə ehtiyac vardır. Fikrimcə, bir inzibati rayon daxilində bir neçə bələdiyyənin vergi xidmətlərini birləşdirərək bir vergi xidməti yaradılması məsələsinə baxıla bilər.

 -Sizin fikirinizcə, vətəndaş məmnunluğunun təmini üçün bundan sonra bələdiyyələr hansı addımlar atmalıdır?

-insan amilinə verilən dəyər, bələdiyyə-seçici münasibətlərində ən vacib məqamlardan biridir. Nəinki, bələdiyyələr hər birimiz tutduğumuz mövqedə hər zaman vətəndaşın tərəfindən çıxış etməli və onların məmnunluğunu təmin etmək üçün çalışmalıyıq. Çünki, ötən illər ərzində ölkə rəhbəri tərəfindən insanların yaxşı yaşaması və rifahı üçün görülən hər bir iş bu istiqamətə yönəlib və görülən işlər buna bariz nümunədir. Rayonda fəaliyyət göstərən bələdiyyələrin işinin əsas qayəsini vətəndaş amili təşkil etməlidir. Vətəndaş müraciətlərinin effektiv araşdırılması, onların qanunauyğun olaraq cavablandırılmasına diqqət yetirilməsi,  daim sakinlərin yanında olmaqla nümunə göstərməlidirlər.

 Belediyye.info

ŞƏRHLƏR