“Bu gün əmircan bələdiyyəsinin Dövlət Sosial Müdafiə Fonduna 28 min manat borcu vardır. Cənab Prezidentin mart sərəncamından sonra 6 min manata yaxın peniya üzrə yığılmış borcu silə bildik”- bu fikirləri Suraxanı rayonu əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov bildirib. DSMF-yə bu qədər borcun yaranma səbəbinə gəlincə, sədr bildirib ki, borc əmircan bələdiyyəsinin əvvəlki sədrinin məsuliyyətsiz hərəkətləri sayəsində yaranıb. Son üç ildə bələdiyyənin DSMF-yə və digər orqanlara borcu yoxdur, üstəlik əvvəlki borcun xeyli hissəsini də silmişik.
Belediyye.infoya açıqlamasında əmircan bələdiyyəsinin sədri Rəfail Cəfərov daha sonra bildirib ki, verginin toplanması ilə bağlı vəziyyət qənaətbəxş deyil:
“Sakinlərə izah edirik ki, vergini ödəmək lazımdır. Amma əhali vergini könüllü şəkildə ödəmək niyyətində deyil. Bu da bizim üçün çətinlik yaradır. Bələdiyyə qanunvericiliyinə əmlak vergisinin nağdsız ödənişi ilə bağlı edilən düzəlişləri yüksək qiymətləndirilməlidir. Bu demək olar ki, bələdiyyələrin işini asanlaşdırır. Lakin bununla yanaşı, hesab edirəm ki, əhali arasında maarifləndirməyə böyük ehtiyac var.”
R.Cəfərov qeyd edib ki, əmircan ərazisində həddən artıq sənədsiz evlər mövcuddur: “Təxminən 10 mindən yuxarı sənədsiz ev var. Kəndin köhnə xəritəsində göstəriləndən kənarda nə qədər ev varsa, hamısı sənədsizdir. Bu halda bələdiyyəyə vergi yığımında mənfi təsir göstərir.
Bunun nəticəsidir ki, illik büdcəmiz 35 000 manatı keçmir.
Belediyye.info