“əmlak, torpaq vergilərini vaxtında toplamaq üçün əhalinin maarifləndirilməsinə ciddi ehtiyac var. Bu əlbəttə ki, bələdiyyələrin fəaliyyətinə də müsbət şəkildə öz təsirini göstərəcək”. Bu fikirləri belediyye.info saytına açıqlamasında əmircan bələdiyyəsinin sədri Rəfail Cəfərov deyib. Onun sözlərinə görə, verginin toplanması ilə bağlı vəziyyət qənaətbəxş deyil: “Kənd yeridir, tanıyanlara, bilənlərə izah edirik ki, vergini ödəmək lazımdır. Amma əhali vergini könüllü şəkildə ödəmək niyyətində deyil. Bu da bizim üçün çətinlik yaradır. Bələdiyyə qanunvericiliyinə əmlak vergisinin nağdsız ödənişi ilə bağlı edilən düzəlişləri yüksək qiymətləndirilməlidir. Bu demək olar ki, bələdiyyələrin işini asanlaşdırır. Lakin bununla yanaşı, hesab edirəm ki, əhali arasında maarifləndirməyə böyük ehtiyac var. Çünki biz bildirişləri vətəndaşa təqdim edirik, sonradan əmlak vergisinin ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etməli oluruq. Birdən elə olur ki, bələdiyyə işçisinin yanında ya mən, ya da müavinlərim gedir və əhaliyə izah edirik. Çox yaxşı olar ki, televiziya vasitəsilə təbliğat işi aparılsın, ən azından bir reklam roliki vasitəsilə onlara izah olunsun. Həm də ödənişlər onlayn və ya qaz, işıq, su ödənişləri kimi KÖMiS sisteminə qoşulsaydı daha yaxşı olardı, bizim də işimiz yüngülləşərdi”.
R.Cəfərov qeyd edib ki, mənzil kommunal istismar sahələri bələdiyyələrin fəaliyyətinə mane olur: “Çünki bir çox hallarda bu qurumun topladığı ödənişlərlə bələdiyyəyə ödənilən əmlak vergisini əhali qarışdırır. əmircan qəsəbəsində hazırda iki mənzil kommunal istismar sahəsi fəaliyyət göstərir.
Son dörd ay ərzində topladığımız vergi vasitəsilə bələdiyyədə çalışanların maaşlarının müəyyən hissəsini ödəmişik...”
R.Cəfərov qeyd edib ki, əmircan ərazisində həddən artıq sənədsiz evlər mövcuddur: “Təxminən 10 mindən yuxarı sənədsiz ev var. Kəndin köhnə xəritəsində göstəriləndən kənarda nə qədər ev varsa, hamısı sənədsizdir. Eyni zamanda əmlak Məsələləri üzrə Dövlət Komitəsindən yeni elektron xəritələr verilməli idi. Lakin hələ ki, bir xəbər yoxdur və bu xəritələr təqdim edilsəydi, biz tam şəkildə ərazilərimizin haradan başlayıb, harada qurtardığını bilərdik”.
Bəxtiyar Məmmədli