"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıtda “Bələdiyyə kuboku” uğrunda futbol turnirinə start verilib

--2015-06-30 / 22:02

Bu günlərdə M.Hüseynzadə adına mərkəzi şəhər stadionunda Sumqayıt Bələdiyyəsinin dəstəyi və təşkilatçılığı ilə ənənəvi olaraq Milli Qurtuluş günü münasibətilə məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında keçirilən “Bələdiyyə kuboku” uğrunda uşaq futbol turnirinin açılışı olub.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin sədri  əbülfəz Babayev cari ildə  Sumqayıtda 10-cu dəfə keçirilən uşaq futbol turnirinin respublikamızın həyatında əlamətdar bir dövrə - Bakıda ilk Avropa Olimpiya oyunlarının davam etdiyi dövrə təsadüf edir. Sədrin sözlərinə görə, respublikamızda son illərdə idmanın müxtəlif sahələrinə uşaq və gənclərin cəlb edilməsi, onların idman yarışlarında daha fəallıqla iştirakı, bunun üçün hər cür imkanın yaradılması diqqətəlayiqdir. Təsadüfi deyil ki, Azərbaycanın gənc  idmançıları son illərdə müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər əldə edir, respublikamızın həm də idman ölkəsi kimi tanınmasında mühüm rol oynayırlar.  

Sumqayıt Bələdiyyəsinin rəhbərliyi və üzvləri, şəhər ictimaiyyətinin və idman təşkilatlarının, məhəllə komitələri nümayəndələrinin iştirak etdiyi açılış mərasimində ə.Babayev məhəllə futbol komandalarında oynayan uşaqların öz futbol bacarıqlarını və məharətlərini daha səylə inkişaf etdirməsinə, hər zaman qətiyyətli olmalarına səsləyən belə bir faktı da onların diqqətinə çatdırdı: “Dünyanın “Futbol kralı” hesab edilən əfsanəvi Pele, Ronaldo, Azərbaycan futbolunun iftixarı olan məşhur futbolçularımız ələkbər Məmmədov, Anatoli Banişevski və digərləri də böyük futbola kiçik məhəllə futbolundan, məhəllə meydançalarından gəlmişlər.”

Tədbirdə “Sumqayıt” peşəkar futbol klubunun prezidenti Kamran Quliyev, Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Elşən Baxşəliyev və digərləri çıxış edərək, məktəbli futbolçulara yarışlarda uğurlar və gələcəkdə peşəkar futbolçu kimi yetişmələri üçün daha əzmkar olmağı arzulamışlar.

Azərbaycanın əməkdar məşqçisi, yarışların baş hakimi Ağamusa Bağırov komandaların yarışlara tam hazır olduqları barədə təşkilat komitəsinin sədri ə.Babayevə raport verdikdən sonra uşaqların 10-cu – yubiley futbol turniri açıq elan edilib.

Yarışlara start verilərək, bildirilib ki, ənənəvi olaraq 2006-cı ildən başlayaraq təşkil edilən “Bələdiyyə kuboku” uğrunda turnirdə şəhərin müxtəlif məhəllə və mikrorayonlarında fəaliyyət göstərən məhəllə komitələri tərəfindən sıralarına 280 uşağın cəlb olunduğu 20 komanda qələbə uğrunda mübarizə aparacaqdır.

Yarışlar  iki ay yarım – bütün yay tətili boyu davam edərək, Sumqayıtın müxtəlif məktəblərinin və şəhərdə yaradılan nümunəvi məhəllələrin yaşıl futbol meydançalarında,  final oyunları isə M.Hüseynzadə adına şəhər stadionunda keçiriləcəkdir. Turnir müddətində 40-dan artıq oyun keçiriləcəkdir.

Yarışın təşkili və keçirilməsinə rəhbərlik Sumqayıt Bələdiyyəsi, şəhər Gənclər və idman Baş idarəsi və “şimal” Regional Futbol Federasiyası ilə birgə yaradılmış təşkilat komitəsi tərəfindən təyin olunmuş hakimlər kolleqiyasına həvalə edilmişdir. 

Qаliblər «Bələdiyyəsi kuboku» və fəxri fərmanlarla mükafatlandırılacaqlar.

 

Rəhman OPXAN

Fotolar Amil əhmədovundur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR