"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Taleh Quliyev: “Yerli vergilərin bələdiyyə büdcəsinə ödənilməsində əksər bələdiyyələrin işi qeyri-qənaətbəxşdir”

--2022-03-02 / 08:26

Bu regional ədliyyə idarəsində bələdiyyələr üçün seminar keçirilib

 Lənkəran regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan rayonların-Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon bələdiyyə şuralarının sədrlərinin iştirakıyla seminar keçirilib.

iclasda Lənkəran regional ədliyyə idarəsinin rəisi Taleh Quliyev, rəis müavini əvəz Bədəlov və rayon bələdiyyələrin əlaqələndirmə şuralarının sədrləri iştirak edib.

Seminar-müşavirəni Lənkəran Regional ədliyyə idarəsinin rəisi ədliyyə müşaviri T.Quliyev açaraq gündəlikdə olan məsələlərə toxundu.

Qeyd edək ki, gündəliyə bu məsələlər daxil edilmişdi:

1.Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “Bələdiyyələrlə iş portalı” vasitəsilə göndərilməsinin əhəmiyyəti;

2.Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi;

3.“Bələdiyyələr barədə məlumat əldə edilməsi” elektron xidmətinin məlumat bazasının dolğunluğunun təmin edilməsi sahəsində bələdiyyələrin vəzifələri.

Gündəlikdəki birinci məsələ ilə bağlı T.Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 7.4-cü bəndində bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi məqsədilə “Bələdiyyələrlə iş portalı”nın yaradılması ilə bağlı müvafiq tapşırıq verilmişdir. Həmin tapşırığın icrası ilə əlaqədar ədliyyə Nazirliyi tərəfindən “Bələdiyyələrlə iş portalı” hazırlanmış və istifadəyə verilmişdir. Yerli özünüidarəetmədə səmərəliliyin artırılması, aşkarlığın təmin edilməsi məqsədilə 2020-ci ilin avqust ayında Nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının inzibati nəzarət orqanına elektron qaydada göndərilməsi təşkil olunmuşdur.

“Bələdiyyələrlə iş portalı”nın fəaliyyətə başlaması bələdiyyələrlə inzibati nəzarəti həyata keçirən orqan arasında sənəd dövriyyəsi prosesinin sürətlənməsinə, sənədlərin göndərilməsində olan gecikmələrin qarşısının alınmasına, bələdiyyələrin sənədlərin tərtibatı və poçt göndərişləri ilə bağlı əlavə xərclərdən azad olmasına gətirib çıxarmışdır ki, bu da yerli büdcə vəsaitlərinə qənaət olunması, həmçinin bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə tətbiq edilən inzibati cərimələrin azalması üçün mühüm əhəmiyyət kəsb edir.

T.Quliyev əlavə edərək bildirdi ki, “Bələdiyyələrlə iş portalı”ndan intensiv istifadə olunması rayonda fəaliyyət göstərən bütün bələdiyyələrə tövsiyə edilməlidir.

Gündəlikdəki ikinci məsələ ilə bağlı idarə rəisi çıxış edərək bildirdi ki, bələdiyyə büdcələrinin qanunvericiliklə müəyyənləşdirilmiş əsas mədaxil mənbələri olan vergi və yerli ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsi sahəsində əksər bələdiyyələrin işi qeyri-qənaətbəxşdir. Məhz bunun nəticəsidir ki, yerli vergi və ödənişlər üzrə bələdiyyələrin əksəriyyətində debitor borclar yaranmışdır.

idarənin rəis müavini əvəz Bədəlov çıxışında bildirib ki, “inzibati icraat” haqqında Qanunun 2-ci maddəsinə görə bələdiyyələr inzibati orqan hesab olunur. inzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 82-ci maddəsinin tələblərinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır:

-borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 

-pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;

-inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.

Bələdiyyə mülkiyyətinə aid icarəyə verilən torpaq sahələri barədə toplanmış məlumatlar öyrənilərkən məlum olur ki, torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsinə baxmayaraq, icarəyə verilmiş torpaq sahələrinin icarə haqları bazar qiymətinə uyğunlaşdırılmamışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

ə.Bədəlov qeyd etdi ki, bələdiyyələrin vəzifəli şəxslərinin işə laqeyd münasibəti nəticəsində öz vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi sonda bələdiyyə mənafelərinə ağır zərər vura bilər və cinayət qanununun təsiri altına düşən əməllərə səbəb ola bilər.

Gündəlikdəki sonuncu məsələ ilə bağlı ə.Bədəlov çıxışında daha sonra bildirdi ki, bələdiyyə üzvlərinin bu və digər səbəblərdən səlahiyyətlərinə xitam verilməsi eləcə də bələdiyyə qulluqçularının işə qəbul və azad edildiyi və digər məlumatlarında dəyişiklik olduğu halda inzibati nəzarəti həyata keçirən orqana məlumat təqdim edilməlidir.

Seminarın sonunda regional ədliyyə idarəsinin rəsmiləri seminar iştirakçılarının suallarını cavablandırıblar.

Belediyye.info

ŞƏRHLƏR